Tərbiyəçi-müəllimlərin bilik-bacarıq sınağı

post-img

Oktyabrın 19-u və 20-də ölkə üzrə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. Əvvəllər məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olduğu üçün tərbiyəçi-müəllimlərin çoxu kollec məzunları və sadəcə, orta məktəbi bitirənlər idi. Onların az qismi bu sahənin mütəxəssisləri idi.

Nəticədə, körpələrin təcrübəsiz işçilərə etibar olunması, uşaqların incidilməsi, günlük normaların yerinə yetirilməməsi kimi neqativ hallar çoxalmış, ictimai narazılığa çevrilmişdi. Nəhayət, 3 il əvvəl məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi və keçən il yeni yaradılmış Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin birbaşa nəzarətinə keçdi. Bundan sonra bilik və səriştəsi kifayət etməyən tərbiyəçilərin ixtisaslı kadrlarla əvəzlənilməsinə başlanıldı.

Bugünlərdə prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Diaqnostik qiymətləndirmədə 90 faiz davamiyyət qeydə alınıb. İmtahanlarda, ümumilikdə, 13 minə yaxın tərbiyəçi-müəllim və metodist iştirak edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müstəqil ekspertlər və digər maraqlı tərəflər də qiymətləndirmə prosesini izləyiblər. İnfotur iştirakçıları qiymətləndirmənin tərbiyəçi-müəllimlər üçün çox vacib olduğunu və obyektiv keçdiyini vurğulayıblar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova XQ-yə açıqlamasında dedi:

– Bu diaqnostik qiymətləndirilmənin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir. Başqa sözlə desək, növbəti illərdə reallaşacaq sertifikasiya imtahanına tərbiyəçi-müəllimlərin hazırlığına zəmin yaradılır. Diaqnostik qiymətləndirmədə onların ixtisas və metodiki bilikləri nəzərə alınır, peşəkarlıqla bağlı tələblər nəzərə alınmır. Tərbiyəçi-müəllimləri qarşıda daha bir ciddi imtahan – sertifikasiya gözləyir.

Sertifikasiya mərhələsini keçənlər müsahibədə də uğur qazanarsa, fəaliyyətini davam etdirəcək. Bununla yanaşı, uğur qazanmış tərbiyəçi-müəllimlərə differensial əmək haqqı təyin ediləcək. Uğur qazanmayan müəllimlərə isə yenidən şans yaradılacaq və onlar təkrar sertifikasiya imtahanı verəcəklər. 2-ci dəfə uğur qazanmayanlarla əmək müqaviləsinə xitam veriləcək.

– Bağçalarda xidmət və təlim-tərbiyə işini köklü yaxşılaşdırmaq da günün tələbidir.

– Bu məqsədlə də ciddi hazırlıq işləri aparılıb. Bağçalarda çalışan pedaqoji heyətin peşəkar inkişafı əsas hədəflərimizdəndir. 2022-ci ildən məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün təlimlər keçirilir. Bu günə qədər, təxminən, 10 min tərbiyəçi-müəllim və metodist təlimlərdə iştirak edib. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşma və strategiyalarla tanış etməkdir. Bu yolla tərbiyəçi-müəllimlər uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirirlər. Burada heç bir inzibati tədbirdən söhbət getmir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova isə bildirdi ki, təlimlərin keçirilməsi, tərbiyəçi-müəllimlərin özlərini inkişaf etdirməsi olduqca vacibdir. Bu, həm də onların sertifikasiya imtahanına hazırlığına stimul verəcək.

Xatırladaq ki, “Xalq qəzeti”ndə bu ilin may ayında Elm və Təhsil Nazirliyinin nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə “dəyirmi masa” keçirilmişdi. O zaman nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirmişdi ki, bağçalarda keçiriləcək ilkin diaqnostik qiymətləndirmədə göstəricisi zəif olan müəllimlər işdən azad edilməyəcək.

Nazirliyin Təhsil İnstitutunun insan resursları mərkəzinin şöbə müdiri Muxtar Hacıyev isə qeyd etmişdi ki, diaqnostik qiymətləndirmə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hansı səviyyədə olmasını göstərəcək. İxtisası başqa olan təcrübəli müəllimləri də sertifikasiyaya buraxıb onlara şans yaradacağıq. Bizim şərtləri ödəyəcəklərsə, uğur qazanacaqlarsa, işləyəcəklər. Həm də müəllim qəbulunda o dövrün tələbləri də başqa idi. Sertifikasiyanın məqsədi müəllimləri tədrisdən kənarlaşdırmaq deyil, daha savadlı kadrları işə cəlb etməkdir.

Bu gün artıq söylənənlər həyatda təsdiqini tapır. Azərbaycanda təhsilin bütün pillələrində yeni formalar tətbiq edilir. Məktəbəqədər təhsil müəssisələri yeni məzmunda fəaliyyətə hazırlanır.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil