İnsan necə dil açıb?

post-img

Səsdən sözə keçidin tarixçəsi

Hər doğulan uşaq dili yenidən kəşf edir. Heyrətedici faktdır. Dilçi alimlər modern dillərin izlərini öncəki dillərdə tapıblar. Bu durum bizi tarixin dərin qatlarına aparıb çıxarır. Bu dəfə məqsədimiz insan oğlunun dili necə yaratdığına şahidlik etməkdir.

Dil, ən bəsit formada izah etsək, bilgi əldəetmə vasitələrindən biridir. Jest və mimikalar, bədən dili, riyazi dil... Babil qülləsini xatırlayın. Bu tikili insan qürurunun hədsizliyini və cəzasını özündə əks etdirir. Yer üzünün bütün insanları eyni dildə danışırmış. Qüllə səmaya doğru ucaldıqca insan Tanrıya çatacağını zənn edirmiş. İnsanlıq cənnətin astanasındaymış. Tanrı insanı yer üzünə ona görə göndərməmişdi ki, onlar qüllə ucaldıb göyə çıxsınlar. İnsan Tanrı taxtına çıxa bilməzdi. Yaradılışın ziddinə olan bu addım mütləq cəzalandırılmalıydı.

Və qüllənin tikintisində iştirak edən insanların dilləri qəfildən dəyişir, heç kəs bir-birini başa düşmür. Beləcə, böyük plan pozulur. Adamlar şəhəri tərk edib hərəsi bir tərəfə yol alır. Babil qülləsi dedikdə tamamlanmamış işlər, uğursuz planlar yada düşür. Adəmi qadağan olunmuş meyvəni yediyi üçün cəzalandırıb yer üzünə yollayan Yaradan bu dəfə də eyni dildə danışan insanları təbiətin qanununa zidd getdikləri üçün cəzalandırmışdı.

Yeni dövr Avropa romanının yaradıcısı Fransua Rable “Qarqantua və Pantaqruel” romanında Pantaqruelin dililə belə yazır:

“Bu, doğru deyil ki, guya bizim təbiət tərəfindən verilmiş hansısa bir dilimiz var. Bütün dillər müxtəlif xalqların sərbəst və şərti yaradıcılığının mahiyyətidir. Dialektlər təsdiqləyir ki, sözlər özlüyündə heç bir məna kəsb etmir, onlara hansı anlamı desən, vermək olar”.

Yazıçı cəmi iki abzas sonra özünü təkzib edir və əlavə edir ki, Neron zamanında Romaya bir əcnəbi qonaq gəlir, onu teatra aparırlar. Təbii ki, qonaq latın dilini bilmirmiş, amma səhnədəki aktyorların işarələr və bədən hərəkətləri ilə nə ifadə etdiklərini başa düşürmüş. Xüsusilə bir komediant jestlərlə anlaşmağı elə gözəl bacarırmış ki, sanki onun barmaqları danışırmış.

Mimika və jestlər təbiətin insana bəxş etdiyi anlatma bacarığı deyilmi? Bu yerdə yazıçı Vaqif Nəsibin “Lalların əli danışır” şeiri yada düşür:

Sahilsiz göy üzündə
çırpınan əllər görünür.
Neçə lal dənizində
Əl boyda dillər görünür.

İlk insandan başlayan,
əsrləri xışlayan
sözün təməli danışır,
lalların əli danışır.

Sözün təməli... Mahiyyət bu söz birləşməsində gizlənir. İnsan dünyaya gəldiyi andan dil bilgisi mexanizmi işə düşür. İbtidai dövrdə insan səs və hərəkətlərlə danışırmış. Sonra müəyyən çətinliklərlə qarşılaşır və əşyalara ad qoymağa başlayır. Beləcə, dil yaranır. S.R.Fişer dilin tarixini araşdırarkən nəsli kəsilmiş insan növlərini - homo habilis, homo erektus – tədqiqata cəlb edir. Onların bir-birilə ünsiyyəti necə yaranıb? Alim belə düşünür ki, erektusun dilinin bizim anladığımız danışıq tərzi olması çox zəif ehtimaldır.

Sözlərin embrionik forması haqqında fərziyyələr, gümanlar əsrlər boyu baş alıb gedib, amma konkret bir nəticəyə gəlmək hələ ki, mümkün olmayıb. Fişerin əsəri bu istiqamətdə aparılan araşdırmalara təkan verən ipucları ilə zəngindir. Danışmağa adam tapmayanda belə insan özüylə, itlə, pişiklə, çiçəklərlə, quşlarla danışır. Bu fasiləsiz iç və dış monoloqları dilin inkişafını şərtləndirən amillərdir.

Qədim zamanlarda səyahətə çıxan səyyahlar dili olmayan heç bir qəbiləyə rast gəlmədilər. Qədim insan şikayətlərini anlatmaq üçün dili icad edib. Universal qrammatika insan həyatının çətinlikləri ilə birlikdə yaranıb və tədricən formalaşmağa başlayıb.

Şərqdə quşların dilini (Fəridəddin Əttar – “Məntiqüt-teyr”), meyvələrin dilini (Füzuli – “Söhbətül-əsmar”) bilən şairlər yazıb-yaradıblar. Əlbəttə, onlar insanda olan xüsusiyyətləri alleqorik formada quşlara, meyvələrə proyeksiya ediblər. Amma hər halda, onların təbiətinə dərindən bələd olublar. Nəsimi yazırdı:

Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,
O, quş dilidir, ani Süleyman bilir ancaq.

O dövrdə hürufilərin özlərinə məxsus olan işarələr dili formalaşmışdı. Belə bir dilin yaranması onların təhlükəsizliyi üçün olduqca vacib idi və zərurətdən yaranmışdı. Sufi simvolikasını bilmədən Nəsimi şeirinin fəlsəfəsini anlamaq qeyri-mümkündür.

Hər bir yazıçı, şair dil vasitəsilə alternativ bir dünya yaradır, ruhsal aləmlə bir əlaqə qurur. Yazıçı həm də ədəbi dilin yaradıcılıq qüvvəsini artırandır, bədii dil üçün yeni üfüqlər açan söz ustasıdır. Sözün məna sərhədlərini genişləndirmək yazıçının dil qarşısında ən mühüm vəzifəsidir. Digər baxımdan, yazıçı da insandır və o da dünyaya gələndə heç bir dil bilmirdi. O da bütün insanlar kimi körpəlikdə instinktlərin köməkliyi ilə dil açıb. Dil homo sapiensin fövqəladə qabiliyyətini əks etdirir. Bu, ata-anaların övladlarına öyrətdiyi bir şey deyil, məktəbdə də öyrədilməz. İnsan düşüncəsinin instinktiv təbiəti dili bir instinkt kimi görməyimizi çətinləşdirir.

Texniki inqilablar isə dilin qarşısında daha geniş imkanlar açdı. Kommunikasiya, qlobal dünya xalqlar arasındakı dil mübadiləsini sürətləndirdi. Sözlər sərhədlər aşır, başqa dillərdə yuva qurur və o dilin tərkib hissəsinə çevrilir. Bu, tamamilə yeni bir paradiqma diktə edir. Bu gün az qala, kompüterlər insan düşüncəsini əvəz etməyə can atır. Kompüterlərin şüurlu olub-olmaması, kainatımızın bir növ simulyasiya olub-olmaması, ağılın insanların unikal keyfiyyəti olub-olmaması və ya çörəyin üzərinə çəkilən kərə yağı kimi kainatın hər tərəfinə yayılıb-yayılmadığı barədə müzakirələr yaranmağa başlayır.

Əksər filosoflar inanırlar ki, təcrübəmiz kəllə sümüyümüzdə kilidlənib və kənarda tamamilə fərqli bir reallığın etibarsız bir təmsilçisidir. Bizə təlqin edilir ki, rəng, qoxu və səs yalnız başımızda olur. Bununla belə, nevroloqlar nə baş verdiyini görmək üçün beynimizin içərisinə baxdıqda, elektrik impulslarını mübadilə edən və kimyəvi maddələr buraxan milyardlarla neyron tapırlar.

Beş il əvvəl, təsadüfi bir söhbətdə Tim Parks bu şərhi alt-üst edən radikal yeni şüur nəzəriyyəsi ilə qarşılaşdı. Bu fakt onu həmin maraqlı mövzu haqqında kəşflər axtarışına çıxardı.

O, kompleks metafizik mülahizələri və texniki laboratoriya təcrübələrini hamımızın başa düşə biləcəyimiz terminlərlə ifadə edir. Hər şeydən əvvəl, bizi məkanı, zamanı, rəngi, qoxuları, səsləri və hissləri tamamilə yeni bir şəkildə görməyə dəvət edir. Onun yazdıqlarını oxuduqdan sonra bu düşüncələr insana daha real görünür. Təbii, bu proses dillərdə yeni sözlər əmələ gətirir və təbiətin dilini daha dərindən öyrənmək imkanı yaradır.

Bəli, səsdən sözə keçid insanlığın inkişaf tarixini özündə əks etdirir. Hörmətli oxucu! Növbəti yazımızda bu haqda danışacağıq.

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat