Cəbrayılda dərslər başlandı

post-img

Dünən Cəbrayıl şəhərində yenidən istifadəyə verilmiş Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlanıb. Açılış mərasimdə iştirak edən Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivini və valideynləri təbrik ediblər.

Bu barədə “XQ”-yə Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, nazir müavini Firudin Qurbanov Qarabağda tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğı olduğunu söyləyib. O, məktəbin pedaqoji heyətinin bütünlüklə Cəbrayıl sakinlərindən ibarət olduğunu sevindirici hal kimi vurğulayaraq 2 il sonra 150 yaşı tamam olacaq təhsil ocağının ölkəmizin gələcəyi üçün layiqli nəsil yetişdirəcəyinə əminliyini ifadə edib.

Çıxış edənlər qeyd ediblər ki, bu gün özüldən qurulan Cəbrayılda bir sıra infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad olunan bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirlər, xüsusən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması gələcəyin zəruri təməlidir.

31 il əvvəl oxuduğu təhsil ocağına direktor kimi geri dönən Şəlalə Qasımlı yaradılan şəraitə görə cəbrayıllıların məmnunluğunu ifadə edib. O deyib ki, 960 şagird yerlik məktəbdə bu tədris ilində 133 şagird və hazırlıq qrupuna cəlb olunan 16 nəfər uşaqla 23 nəfərlik pedaqoji heyət məşğul olacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil