Vahid kart tələbənin həyat açarı olacaq

post-img

Dünyanın müxtəlif ölkələrində tələbələr vahid kartlardan istifadə edirlər. Oktyabrın 15-dən Azərbaycanda da tələbələrə “Tələbə plus” adlanan vahid tələbə kartının verilməsinə başlanacaq. Bu kartların ilkin olaraq 11 universitetin tələbələrinə təqdim ediləcək.

Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında həmin ali məktəblərin adlarını açıqlayıb. Buraya Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Bakı Mühəndislik, Sumqayıt Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Türkiyə–Azərbaycan, Fransa–Azərbaycan, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Azərbaycan Dillər universitetləri daxildir. O bildirib ki, daha sonra regionlarda yerləşən ali təhsil müəssisələrinin tələbələri də prosesə cəlb ediləcəklər.

Bəs vahid tələbə kartı nədir və hansı üstünlükləri olacaq? Bu sualın cavabında Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova “XQ”-yə bildiridi ki, bu kartlar tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahə xidmətlərindən rahat istifadəni nəzərdə tutur. Vahid kart universitetə giriş-çıxışı təmin edəcək, debet bank kartı, eyni zamanda, tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər. Gələcəkdə isə bu işləklik nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək sənəd mərhələli şəkildə I, II, III, IV kurs tələbələrinə, eləcə də magistraturanın I və II kurs tələbələrinə veriləcək. Buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan bütün tələbələr daxildir.

Qeyd edək ki, Azərbaycanın 51 ali təhsil məktəbində 187 min, 54 orta ixtisas təhsili ocağında isə 60 minə yaxın tələbə təhsil alır və onlar gündəlik həyatlarında müxtəlif kartlardan istifadə edirlər. Tələbələrə veriləcək vahid tələbə kartından yeraltı və yerüstü nəqliyyatda, digər xidmətlərdə, eləcə də tələbə bileti kimi istifadə ediləcək. Bu sənədlə tələbələr müxtəlif ictimai iaşə obyektlərində, kafe və restoranlarda, kitab satışı yerlərində də endirimlərdən yararlana biləcəklər.

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə dedi ki, kart çox olanda bəzən tələbə hansını isə unudur və yaxud bir kart digər yerdə işlək olmur. Lakin vahid tələbə kartı bütün imkanları bir kartda cəmləşdirəcək. Eyni zamanda, müxtəlif profilli şirkətlər də böyük tələbə kütləsinə birbaşa çıxış əldə edərək endirimlər təklif etməkdə maraqlı olacaqlar.

Vahid tələbə kartı ilə bağlı tələbələr arasında da sorğu apardıq. Onlar da bu kartların faydalı olacağını düşünürlər. Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Rəhman Qulubəyli bu kartın təhsil həyatında müsbət dəyişiklik yarada biləcəyini söylədi: “Ehtiyacımı ödəmək üçün işləmək məcburiyyətindəyəm. Bu da dərslərimə yaxşı hazırlaşmağa mane olur. Amma bizim üçün güzəştlər olarsa, işləməyimə ehtiyac qalmır. İnanıram ki, tələbə kartı bizə endirim və güzətlər qazandıracaq”.

Nəticə olaraq, vahid tələbə kartı layihəsinin məqsədi tələbələrin rahatlığı və rifahının yaxşılaşdırılmasıdır. Bu kartla tələbələr həm də dərsdənkənar fəaliyyət zamanı xüsusi imtiyazlardan faydalana biləcəklər.

R.FİKRƏTOĞLU
XQ

Təhsil