BMT çağdaş dünyanın tələblərindən geri qalır

post-img

ABŞ BMT Baş Assambleyasının işində iştirak etmək Nyu-Yorka dəvət olunan Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə yenidən viza verməyib. Rusiya isə Vaşinqtonun bu hərəkətini qəbuledilməz hesab edir. Bu barədə dünən Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin “Lenta.ru”ya müsahibəsində bildirib.

Verşinin deyib: “BMT-nin mərkəzi orqanlarına evsahibliyi edən ölkənin üzv ölkələrə münasibətdə necə davranmalı olduğuna dair razılaşma və müddəalar mütəmadi olaraq pozulur, təəssüf ki, Vaşinqton bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Bu, yolverilməzdir”.

Verşinin bir sıra digər şəxslərlə yanaşı, Rusiya rəsmi nümayəndə heyətinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Leonid Slutskiyə də viza verilmədiyini təsdiqləyib.

Vaşinqton tərəfindən atılan bu cür addımlar, təbii ki, Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi xüsusi hərbi əməliyyatla bağlıdır. Görünən budur ki, Rusiya və ABŞ arasında münasibətlərin kifayət qədər ciddi və təhlükəli şəkil alması təkcə ikitərəfli məsələlərdə deyil, qlobal miqyasda narahatlıqlar yaradır.

Məhz buna görədir ki, RF XİN başçısının müavini BMT-də ciddi islahatlara ehtiyac olduğu barədə iddialar irəli sürənlərin səsinə səs verməli olub. “Lenta.ru”ya müsahibəsində Rusiya diplomatı bu barədə də danışıb. Verşinin bəyan edib ki, hazırda əksər ölkələrin maraqlarını nəzərə almaqla, BMT-ni müasir şəraitə uyğunlaşdırmaq lazımdır. Qurumda islahatlar aparılmalıdır. Onun fikrincə, BMT islahatları çərçivəsində Afrika və Latın Amerikası ölkələrinin səsi nəzərə alınmalıdır. Əksər ölkələrin maraqlarına hörmət edilməlidir.

Xarici işlər nazirinin müavini əlavə edib ki, BMT-də islahatlara başlanması əslində “gecikmiş” məsələdir. Bununla bağlı artıq hökumətlərarası danışıqlar aparılır. Təşkilatın yeni reallıqlara uyğunlaşdırılması üçün konsensus lazımdır, çünki bu prosesdə səhvlər yolverilməzdir.

Bundan bir qədər əvvəl, sentyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd etmişdi ki, BMT-nin Baş katibi Antonio Quterreş qlobal əməkdaşlığın yenidən qurulması təklifi ilə çıxış edib, ancaq Qərbin günahı üzündən bu ideya həyata keçirilmir. Lavrov qeyd edib ki, Qərbin özü uzun illərdən bəri digər ölkələrə təlqin etdiyi qloballaşma ilə bağlı bütün dəyərləri ayaqlar altına atıb. İndi də Qərb dövlətləri BMT-ni özlərinin eqoist maraqlarının təşviqi alətinə çevirmək istəyirlər.

Paşa ƏMİRCANOV
XQ

Dünya