Yaralılar özünə gələn kimi döyüşə can atırdılar...
Vətən müharibəsi günlərində yaralı əsgərlərə yardım göstərən həkimlər arasında Elmi-Cərrahiyyə Mərkəzinin anestezioloq-reanimatoloqu, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova da olub. O, 2020-ci ilin yayında Tovuz hadisələrindən sonra döyüş bölgəsinə getmək üçün onlayn qeydiyyatdan keçsə də, haqq savaşının ilk günləri onu cəbhəyə aparmayıblar. Bir neçə dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edəndən sonra istəyinə çatıb. Oktyabrın 5-dən 6-na keçən gecə o, artıq ən ağır döyüşlərin getdiyi Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzində çalışmağa başlayıb.
– Kəmalə xanım, ilk xəstənizi necə xatırlayırsınız?
– Təxminən, axşam saat 10 radələrində xəstəxanaya çatdım. Hələ çantamı yerbəyer etməmişdim. Gördüm yaralı bir əsgər gözlərimin içinə baxır, bir əli ilə qolunun yuxarı hissəsindən tutmuşdu, barmaqlarının arasından qan sızırdı. O, üzünü mənə tutub soruşdu: –“Kəmalə xala, məni tanımadın?”
Çaşdım, özümü itirən kimi oldum. Yaralı əsgər özünü təqdim etdi: –“Mənəm, Nurlanam, Gülalının oğlu. Heç yatsam yuxuma da girməzdi ki, qapıbir qonşum, hər gün məhəllədə üz-üzə gəldiyim gənclə burada rastlaşa bilərəm və ilk xəstəm ola bilər. Müharibə belə qəribəliklərlə doludur...”
– Cəbhə bölgəsində anestezioloq-reanimatoloq kimi işiniz nədən ibarət idi?
– Belə bir deyim var: cərrahiyyə sənət, anesteziologiya elmdir. Əslində, heç bir əməliyyatı anestezioloqsuz aparmaq düzgün deyil. Bu, çox dəqiqlik və incəlik, eyni zamanda, yüksək məsuliyyət tələb edən bir işdir. Cərrah yaralını qəbul edə, hətta bəzən əməliyyat da apara bilər. Lakin elə prosedurlar var ki, anestezioloq-reanimatoloqsuz keçinmək mümkün deyil. Birdən eyni vaxtda 60–70 yaralı gətirirdilər.
Belə olanda seçim aparmalı olurduq. İlk növbədə, ən ağır vəziyyətdə olanları təcili əməliyyat stoluna götürürdük. Bəzən yaralılar xəstəxanaya çatana qədər onlarda ürək dayanması baş verirdi. Bir dəfə xəstəxanaya çatdırılan yaralıların içərisində kliniki ölüm keçirən bir əsgər var idi. O, mədəsində olanları qaytardığından qusuntu kütləsi nəfəs yoluna dolmuşdu. Əlimi əsgərin ağzına salaraq təmizlədim, təcili olaraq onu süni nəfəs aparatına qoşduq, ürəyini masaj etdim, digər lazımi tibbi prosedurları yerinə yetirərək, onu əməliyyat stoluna çıxardıq. Xoşbəxtlikdən həmin əsgər sağdır, yaşayır...
Bir deyil, iki deyil, çoxlu belə misallar çəkə bilərəm. Amputasiya edilən əsgərlər var idi ki, döyüş meydanına qayıtmaq üçün bizdən protez tələb edirdi. Eləsi də var idi ki, ayağına şina qoyulmasına baxmayaraq, döyüşə getmək istəyirdi. Heç yadımdan çıxmaz, Asim Quliyev adlı bir döyüşçünün iki ayağı sınmışdı, lakin həmin vəziyyətdə 4 gün ac-susuz neytral zonadan sürünərək yol gəlmişdi.
– Həm dəhşətdir... həm də fədakarlıq nümunəsidir...
– Yaralı döyüşçülər arasında yüksək partlayışdan barotravma alanlar çoxluq təşkil edirdi. Onlar yüksək təzyiqlə ətrafa çırpıldıqlarından görmə, eşitmə, kəllə-beyin travmaları alır, hematoma baş verir, hətta daxili qanaxmalar olurdu. Həmin vəziyyətdə olanlara dərhal tibbi yardım göstərmək, ağrıkəsici zərdablar vurmaq lazım idi. Bəzən hər şeyi dəqiqələr, saniyələr həll edirdi. Bir an gecikmək bir həyatı itirməyə bərabər idi...
Gecələr qaranlıqda işləmək məcburiyyətində idik, çünki düşmənlər işıq gələn yerləri atəşə tuturdular. Gecələr xəstəxananın da işıqları söndürülürdü. Süni tənəffüs aparatları, digər tibbi avadanlıqlar elektrikə qoşulu vəziyyətdə olsa da, reanimasiya şöbəsində telefon işığının altında işləyirdik.
– Bəs dərman təchizatı nə səviyyədə idi?
– İşğaldan azad olunmuş zonadan düşmənlərə məxsus tibbi çanta gətirmişdilər, içərisində ancaq yod və çürümüş bintdən başqa heç nə yox idi. Bizdə isə bu sahədə vəziyyət son dərəcədə yüksək idi. Hər şeylə tam təmin olunurduq: dərman, qan, plazma... Elə döyüşçülər olurdu ki, ona üç paket, yəni 900 milliqram qan, çoxlu plazma vururduq. Tibbi cəhətdən hər şey yüksək səviyyədə idi, heç nədən korluq çəkmirdik. Buna baxmayaraq, bəzən günlərlə ac-susuz qalırdıq. Ona görə yox ki, yemək yox idi, əvvəla, yaralıların əlindən baş qaşımağa macal olmurdu.
Həm də əsgər ön cəbhədə ölümlə üzbəüz döyüşür, sənin yeyib-içdiyin boğazından necə keçə bilər? Damar cərrahı İlqar Namazov səhər saat 9-da əməliyyat otağına girirdi, arada çıxıb əlcəyini dəyişib növbəti əməliyyata başlayırdı. Onun gün ərzində bir qurtum su içməyə də vaxtı yox idi. Gecə yarısına kimi fasiləsiz əməliyyat aparır, döyüşçülərin həyatını xilas edirdi. Məhz həmin xəstəxanada Bakıdan ezam olunmuş anestezioloq Fazil Cəniyev, damar cərrahları İlham Budaqov, Rasim Quliyev kimi həkimlərin fədakarlığı sayəsində neçə-neçə əsgərin ayağı amputasiya olunmaqdan xilas oldu.
– 2020-ci ilin payızından yadınızda daha nələr qalıb?
– Xəstəxananın altında zirzəmi var idi və hərbi dövrün qaydalarına uyğun olaraq atışma vaxtı ora düşməli idik. Bir dəfə çox güclü atışma başladı, necə oldusa mən zirzəmiyə düşmək əvəzinə yuxarı mərtəbədəki reanimasiya şöbəsinə qalxdım. Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında işləyən reanimatoloq Elşən Əliyev var idi, ondan soruşdum: “Həkim, siz zirzəmiyə düşmürsünüz”? Süni tənəffüs aparatına qoşulmuş yaralı əsgərləri göstərib dedi ki, bunları qoyub hara düşüm? Bax belə fədakarlıq göstərən həkimlər var idi...
Diaqnostika Mərkəzinə giriş var idi. Təcili yardım maşınları gələndə hamımız xəstəxananın pəncərələrindən baxırdıq. İki yoldan biri xəstəxanaya, digəri meyitxanaya gedirdi. Cəbhədən gələn maşın xəstəxanaya tərəf dönəndə hamımız sevinirdik ki, şükür sənə, ilahi, yaralı gəlir. Mən bir dəfə o biri yola dönüb şəhid çadırına getdim. Çox dəhşətli, xatırlamaq, danışmaq çətin olan mənzərə ilə üzləşdim...
Süleyman QARADAĞLI