Azərbaycan təhsili: yeniyə – “hə”, köhnəyə – “yox”

post-img

Təhsil sağlam gələcəyin sütunudur. Özünü inkişaf etdirmək, yüksəlmək, sivil və mədəni cəmiyyətə adaptasiya olmaq, karyera hədəflərinə çatmaq üçün keyfiyyətli təhsil vacibdir. Ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi hesab edirdi. 

Dünyada və eləcə də ölkəmizdə təh­silə diqqət, maraq, texnologiyanın tətbiqi daim nəzarətdə saxlanılır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Belçika, Kanada, Yaponiya kimi inkişaf etmiş ölkələrdə müxtəlif təhsil modelləri, özünəməxsus təhsil strategiyaları tətbiq olunur. Başqa sözlə desək, hər bir ölkə­nin oturuşmuş təhsil baxış bucağı var. Məsələn, beynəlxalq səviyyədə istinad edilən təhsil sisteminə malik Finlandiyada təhsil bərabərlik, çeviklik, tələbəyə diqqət aşıladığı halda, Sinqapurda bilik, intizam və texnoloji tərəqqi vasitəsilə yüksək na­iliyyətlər əldə edilir. Almaniya peşə təh­sili və əməkdaşlıqlar gələcəyə investisiya etməkdə olduqca maraqlıdır. Yaponiyada isə mədəni dəyərlər və xarakterik təhsil ön plandadır. Bir sözlə, dünyanın müxtə­lif təhsil sistemləri özünəməxsusluğu ilə seçilsə də, bir-birindən öyrəniləcək bir çox bilgilər var. 

Hələ 2 il əvvəl Londonda 107 ölkədən 112 nazirin iştirakı ilə keçirilmiş Dünya Təhsil Forumunda qeyd edilmişdi ki, təh­silin inkişafı vasitəsilə sülhün, tərəfdaşlı­ğın və rifahın əldə edilməsi, uğurlu iqtisa­diyyatların qurulması zəruridir. Forumda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi ar­tım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti də müzakirə edilmişdi. 

Heç kimə sirr deyil ki, Azərbaycanda təhsilə böyük qayğı var. Beynəlxalq miq­yasda ciddi uğurlar əldə etmişik. Son illər Təhsil Nazirliyinin səlahiyyət və statusunu artırmaq məqsədilə bu qurum Elm və Təh­sil Nazirliyi adlandırılıb. Bu, o deməkdir ki, təhsil və elm qarşılıqlı şəkildə inkişaf edəcək, bir-birindən ayrılmayacaq. Na­zirliyin tabeliyində bir sıra agentliklərin yaradılması ölkə təhsilinin inkişafı üçün önəmli və ciddi addım idi. Nəzəriyyə var­sa, mütləq onun praktikası, real zamanda tətbiqi də olacaq.

Azərbaycanın ilk sistemli təhsilin əsa­sı ibtidai məktəblərin yaradılması ilə baş­layıb. Təbriz, Marağa, Ərdəbil, eləcə də Gəncə, Naxçıvan, Şamaxı kimi şəhərləri­miz əzəli təhsil mərkəzləri kimi tanınıb. Tarixi mənbələrdə qeyd olunub ki, XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərə­sində xüsusi mədrəsə fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə də ölkəmizdə təhsil sahəsində xeyli inkişaf olub. 

Bu gün Azərbaycanda təhsil daha da əlçatandır. Son illər ali məktəblərə qəbul olmaq üçün plan yerlərinin, xüsusilə də dövlət sifarişli yerlərin artırılması, dərin təhsil islahatları, orta təhsilin gücləndiril­məsi, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu və digər proseslər inkişafın hansı səviyyədə olduğunu göstərir. Milli təhsilin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbay­canda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı. Heydər Əliyev 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahə­sini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərmişdir. Bir fakt mütləq qeyd edilməlidir ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, sonrakı mərhələdə bu rəqəm 97,7 faizə yüksəlmişdi. Prezident İlham Əliyev varislik ənənəsinə sadiq qa­laraq təhsili əsas prioritet sayır. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri də danılmazdır. 

Pandemiya dövründə təhsildə müəy­yən qədər durğunluq olsa da, sonrakı il­lərdə bunun qarşısı alındı. Təkcə bu il 53 məktəbli 11 illik buraxılış imtahanından maksimum 300 balı topladı. Bu rəqəm təhsil tarixində bir ilk idi. Qarabağ, Tür­kiyə–Azərbaycan, Azərbaycan–İtaliya uni­versitetlərinin yaranmasına və plan yerləri­nin artırılmasına baxmayaraq, bu il tələbə qəbulunda yüksək nəticələrin şahidi olduq. Eləcə də şagirdlərimizin olimpiada uğurla­rı, təhsildə nailiyyətləri bizi sevindirir. 

Azərbaycanda keçirilən Beynəlxalq Təhsil Forumu yeni dövrün təhsil tələb­ləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarına yönəlib. Burada əsas məram təhsil keyfiyyətini artırmağa, mövcud və­ziyyəti təhlil etməyə, təhsildəki yeni çağı­rışları müzakirə etməyə yönəlir.

Keçən il Bakı Konqres Mərkəzində təhsil işçilərini bir araya toplayan Azərbay­can müəllimlərinin XVI qurultayında təh­silin bütün sahə və istiqamətləri hərtərəfli müzakirə olundu. Bu qurultay elm, təhsil cameəsi üçün son dərəcə vacib və əlamət­dar hadisə idi. Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli lider Heydər Əliyevin 100 illiyində baş tutması və eləcə də ərazi bütövlüyümüz tam təmin edilib, işğaldan azad edilmiş rayonlardakı mək­təblərin müəllimlərinin də qurultaya qa­tılması qürurverici idi. Qurultayda elm və təhsillə bağlı diqqətə çatdırılan mövzular XXI əsrin çağırışlarına tam cavab verirdi. Səsləndirilən fikirlərdən biri o idi ki, bu günün təhsili daha dinamik olmalı, zama­nın tələbləri ilə çevik şəkildə ayaqlaşma­lıdır. Biz həmçinin dünya təhsil sisteminə sıx inteqrasiyadan geri qalmamalıyıq.

Başlıca məramımız təhsilin məzmunu­na müasir yanaşmanı təmin etmək olmalı­dır. Elm və təhsilin birgə inkişafı olduqca müsbət haldır. Azərbaycan təhsil sistemi məhz bu yolu seçib. Çünki keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz. İn­teqrasiya irəliləyişə müsbət təsir edə bil­məlidir. Elə formalar tapmaq lazımdır ki, inkişafyönümlü olsun və dövrün tələbləri­ni ödəyə bilsin.

2023-cü il noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda təh­sildə yeni çağırışlar müzakirə edilərək, yeni dövrün təhsil tələbləri nəzərdən keçirildi və keyfiyyətin daha da yüksəl­dilməsinə nail olmağın yol xəritəsi üzə­rində danışıldı. “Daha təhsilli gələcək" şüarı ilə baş tutmuş forum çərçivəsində “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?”, “Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var?”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?”, “Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı ça­ğırışlara cavab verilməlidir?”, “Gələcəyə necə insan hazırlamalıyıq?”, “Yeni çağı­rışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir?" mövzuları dərindən müzakirə edildi.

Fərəhli haldır ki, bu gün Azərbaycan­da təhsilin bütün pillələrində yeni formalar tətbiq edilir. Bir zamanlar dalana dirənmiş peşə təhsili müəssisələri artıq yeni məz­munda tələbələrini qəbul edir. İldən-ilə peşə təhsili almaq istəyən gənclərin sayı artır. Məsələn, peşə məktəblərinə tələbə qəbulunun 1-ci mərhələsində 2020-ci il üzrə sənəd verənlərin sayı 11 814 nəfər ol­duğu halda, bu rəqəm 2022-ci ildə 14 876-ya çatdırıldı. Bu il isə peşə məktəblərində təhsil almaq istəyənlərin sayı ilk müraciət üçün 27269 nəfər oldu. Bu, tam orta ixtisas təhsil müəssisələrində və universitetlərdə də belədir. Təhsilin əlçatımlığı oxumaq istəyən gənclərin sayını artırır. Çünki bu­rada obyektivlik, bərabər imkanlar və sağ­lam rəqabət var. 

Bir sözlə, Azərbaycanda təhsil dünyə­vi və fasiləsiz xarakter daşımaqla, vətən­daşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Qarşıdan yeni dərs ili gəlir. İnanırıq ki, təhsil ənənələrimiz bu il də davam və inkişaf etdiriləcək

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil