Milli məfkurənin ədəbi mücahidi

post-img

Cəfər Cəfərov – 110

Görkəmli teatrşünas, tənqidçi, ictimai xadim, Əməkdar incəsənət xadimi Cəfər Cəfərov səmərəli ədəbi-elmi və dövləti fəaliyyəti ilə tanınmış ziyalılardan olub. Azərbaycan milli teatrşünaslığın inkişaf yönlərinin konseptual elmi məcraya düşməsində onun xidmətləri danılmazdır. Gördüyü dəyərli işlərin həcmi yaşadığı 69 illik ömrün çərçivəsinə sığmayıb. 

Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda tacir ailəsində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib və 2 il müəllim işləyib. Sonra Moskvadakı Andrey Bubnov adına Pedaqoji İnstitutun ədəbiyyat fakültəsinə daxil olub. Ali təhsil­li mütəxəssis Bakıya qayıdaraq, hərəsində 1 il olmaqla Akademik Milli Dram Teatrın­da ədəbi hissə müdiri, “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri, daha sonra “Ədəbiyyat” qəzetində tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifələrində çalı­şıb. Bir ara Moskvanın “Pravda” qəzetinin Azərbaycan üzrə müxbiri olub. Azərbay­can KP MK-da şöbə müdiri, mədəniyyət nazirinin müavini, ali məktəblərdə müəl­limlik edib, Elmlər Akademiyasının müx­bir üzvü seçilib. Bir sıra teatrşünas alimlə­rin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. Eyni zamanda 1967–1972-ci illərdə Azər­baycan KP MK-nın İdeoloji iş üzrə katibi vəzifəsini icra edib.

... Teatrın, dramaturgiyanın tarixi-nəzə­ri problemlərinə dair sanballı əsərlər yazıb. Bu baxımdan Hüseyn Ərəblinskinin, İsma­yıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhma­sibin yaradıcılıqları barədə elmi məqalə və monoqrafiyalarını qeyd etmək olar. O, Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap etdirib. Azər­baycan və bir sıra rus teatrlarının ən ma­raqlı tamaşalarına resenziyalar yazıb.

Onun elmi əsərləri mövzuya dərin bələdliyindən, tarixi və elmi faktları sis­temləşdirmək və əhatəli təhlil etmək baca­rığından soraq verir. Alimin “Hacı Qara”, “Azərbaycan dramaturgiyası”, “Drama­turgiya və teatrımızın yeni yüksəlişi uğ­runda”, “Yüksək keyfiyyətli dramaturgi­ya uğrunda”, “M.F. Axundov və teatr”, “Nəcəfbəy Vəzirov”, “Vilyam Şekspir”, “Cavid teatrı”, “Cəfər Cabbarlı”, “Dra­maturgiyada yüksək sənətkarlıq uğrunda”, “Naxçıvan teatrı”, “Antoni və Kleopatra”, “Təklik faciədir”, “Yalansız”, “Teatrda müasirlik” kimi yazıları, “M.F.Axundovun dramaturgiyası”, “Azərbaycan teatrı” adlı monoqrafiyaları aktuallığı ilə seçilib. 

C.Cəfərov milli teatr mədəniyyəti­mizin sınaqlarla dolu yaranış dövrünü, 1873–1905-ci illəri “Azərbaycan teatrının doğuluşu və təşəkkülü” kimi səciyyələndi­rir. 1873-cü il mart ayının 10-da milli teat­rımız “Lənkəran xanının vəziri” tamaşası ilə həyata qədəm qoyub. C.Cəfərov bunu konkret faktlarla sübut etmək üçün yazıb ki, M.F.Axundovun arxivindən əldə edilən afişa, o zaman Tiflisdə rus dilində nəşr olu­nan bir müxbir yazısı, tamaşa üçün icazə­nin alınması ilə bağlı bir sıra rəsmi sənəd­lər martın 10-da Bakıda səhnəyə qoyulmuş ilk tamaşanın, həqiqətən, “Lənkəran xanı­nın vəziri” olduğunu təsdiqləyir.

Teatrşünas-alim yazılarında XIX əsrin 70-ci illərində Azərbaycan şəhərlərində səhnəyə qoyulan tamaşalar barədə məlu­matın az olduğunu təəssüf hissi ilə qeyd edib. Eyni zamanda, 1875-ci ildə Qubada, 1879-cu ildə isə Şəkidə səhnələşdirilən tamaşalar haqqında məlumatın olduğunu diqqətə çatdırıb. XX əsrdən bəhs edərkən artıq bu ərəfədə Azərbaycan teatrında bir sıra mühüm nailiyyətlərin əldə olunduğu­nu göstərib. “Bu nailiyyətlərdən önəmlisi o idi ki, Ə.Haqverdiyevin və C.Zeynalo­vun rəhbərliyi ilə Azərbaycan teatrında mübazirə aparan az-çox əzmli bir aktyor kollektivi təşəkkül tapır, ikincisi, “Nadan­lıq”, “Bəxtsiz cavan”, “Müsibəti-Fəxrəd­din”, “Müfəttiş”, “Evlənmə”, “Otello” və bu kimi digər yeni orijinal və tərcümə əsərləri teatrın repertuarını zənginləşdirir, üçüncüsü, teatrın yaradıcılıq imkanlarının daha geniş vüsət alması bütün yaradıcı qüvvələrin bir təşkilat içərisində birləşmə­si zərurətini ortaya qoyur”.

Müəllifin sonrakı mərhələlərə aid araş­dırmaları da bu sahəni öyrənənlər üçün əsl tədris vəsaiti, dərslik səciyyəsi daşıyır. 20–30-cu illəri, İkinci Dünya müharibəsi döv­rünü və sonrakı illəri əhatə edən bölümlər teatr tariximizə işıq tutmaq baxımından əsl fədakarlıq nümunələridir. “Müasirlik yolları ilə” adlı təqdim edilən 1953–1967-ci illəri C.Cəfərov Azərbaycan teatrının ən mürəkkəb dövrü kimi səciyyələndirib, bunun obyektiv və subyektiv səbəbləri­nin olduğunu iddia edib. Teatrşünas-alim Ələsgər Ələkbərovun, Səməd Vurğunun, Mehdi Hüseynin, Cabbar Məcnunbəyovun dünyalarını dəyişməsinin milli səhnə sənə­ti üçün ağır itki olduğunu bildirib, amma bu itkilərlə bərabər, teatrın nailiyyətlər qa­zandığını da oxucuların nəzərinə çatdırıb. 

Xalq yazıçısı Anar unudulmaz alim haqqında deyib: “O, Vətənə, millətə hər zaman sadiq bir ədib olub. Mirzə Fətəli Axundov haqında geniş tədqiqatları var. Mənim onun haqqında “Sənət yanğısı” adlı essem çıxıb. Həmin essedə Cəfərovun ya­radıcılığından, Azərbaycan teatr sənətinin tarixini yazan çox dəyərli monoqrafiyalar müəllifi kimi barəsində geniş yazmışam. Cəfər müəllim atam Rəsul Rza ilə yaxın dost olub. Rəsul Rza Yazıçılar Birliyinin sədri olanda Cəfər Cəfərovu dəvət edərək bu təşkilatda katib vəzifəsinə təyin edib. Cəfərov həm də universitetdə mənim müəllimim olub. Diplom işimin rəhbəri idi... Atamla yaxın olduğundan, hər zaman evlərinə gediş-gəlişimiz olub. Onun xəstə yatağında tez- tez yanına gedərdim. Cəfər bəyin Vətən eşqi xəstə yatağında belə onu hər zaman narahat edirdi. Təbrizi xatırla­yırdı və mənə deyirdi ki, o şəhəri paytaxt görmək istəyirəm”.

Cəfər Cəfərov 1973-cü ildə, elə anadan olduğu sentyabr ayında dünyasını dəyi­şib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır. Tez-tez qədirbilənliklə yad edilir, məzarı­nın üstündən tər güllər əskik olmur. Həyat yoldaşı Zibeydə Əzizbəyova botanika üzrə elmlər doktoru, professor olub. Ömür-gün dostunun həm fərəhli, həm də acılı günlə­rinə şəriklik edib...

Nəhayət, onu da qeyd edək ki, M.F.Axundov adına Milli Kitabxanada böyük cəfakeş alim Cəfər Cəfərovun ana­dan olmasının 110 illiyi münasibətilə kitab sərgisi açılıb. Bu günlər ora yolu düşənlər “Cəfər Cəfərov – 110” adlanan sərgidə onun müəllifi olduğu əsərlər, tərcümələri, tərtib və redaktə etdiyi kitabları ilə tanış olurlar. Həmçinin Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında yazılan ədəbiy­yatlar Azərbaycan və xarici dillərdə nüma­yiş etdirilir. Bir həftə davam edəcək sərgi insanın cismani yoxluğundan sonra onun yadigar qoyduğu irsin yaşatdığını təsdiqlə­yir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət