Milli iqtisad elminin yorulmaz tədqiqatçısı

post-img

Əli Nuriyev – 85

Bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti, çoxsaylı alim yetirmələri və tələbələri görkəmli iqtisadçı alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Əli Nuriyevin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 60 illiyini sevgi-sayğı ilə qeyd edirlər. Milli iqtisad elminin yorulmaz tədqiqatçısının mənalı ömür yolu və zəngin elmi yaradıcılığı Vətəninə zəkası ilə xidmət nümunəsi kimi dəyərləndirilir.

Əli Nuriyev 1939-cu il iyun ayının 26-da Fizuli rayonunun Horadiz kəndində kolxoz­çu ailəsində anadan olmuşdur. Atası II Dünya müharibəsində həlak olmuş uşaq anasının hi­mayəsində böyümüş, orta və ali təhsil alaraq həyatda davamlı uğurlar qazanmışdır. 

1963-cü ildə Bakı Dövlət Universiteti­nin iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirən Əli Nuriyev 1966-cı ildə AMEA İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Gənc iqtisadçı 1969-cı ildə “Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmlə­ri namizədi alimlik dərəcəsi almışdır. O, “Yeni təsərrüfatçılıq şəraitində Azərbaycan xalq təsərrüfatının ərazi quruluşunun tək­milləşməsi” mövzusunda doktorluq disser­tasiyasını isə 1991-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Coğrafiya İnstitutu birgə disserta­siya şurasında müdafiə etmişdir. 

Elmi yenilikləri, çalışqanlığı və mə­suliyyəti ilə seçilən iqtisadçı alim 1972–1979-cu illərdə Naxçıvan Elm Mərkəzində iqtisadiyyat və tarix şöbələrinin müdiri, 1980-1981-ci illərdə Ümumittifaq Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu Azər­baycan filialının direktor müavini olmuş­dur. Alim sonrakı 10 ildə AMEA İqtisadiy­yat İnstitutunun şöbə müdiri, 2002–2012-ci illərdə Azərbaycan Respublikası Preziden­ti yanında Dövlət İdarəçilik Akademiya­sında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 

Bacarıqlı elm və təhsil təşkilatçısı Əli Nuriyev 2013-cu ildən İdarəçilik Akade­miyanın Regional İqtisadi və Sosial Araş­dırmalar İnstitutuna rəhbərlik edir. 2003–2006-cı illərdə bu nüfuzlu elm və təhsil ocağında elmi-tədqiqat işlərinin istiqamət­lərinin, problem və mövzuların müəyyən­ləşdirilməsinə bilavasitə rəhbərlik etmiş alim “Dövlət İdarəçiliyi: nəzəriyyə və təc­rübə” jurnalının nəşrə hazırlanmasının da təşkilatçılarından olmuşdur. 

Professor Əli Nuriyev genişprofilli iqtisadçı-regionşünas alimdir. O, 300-dən çox əsərin, 20 monoqrafiya, dərslik və və­saitin müəllifidir.

Onun “Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri”, “Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşdirilməsi”, “Azərbaycan İqtisadiyyatının böhrandan çıxması və inkişafının prinsipial məsələlə­ri”, “Regional siyasət və idarəetmə”, “Re­gional siyasət və idarəetmənin əsasları”, “Azərbaycanda iqtisadi inkişaf və moder­nləşmə siyasətinin konseptual əsasları.”, “Ölkənin regional strukturunun formalaş­ması və təkmilləşməsi problemləri”, “Azər­baycan iqtisadiyyatının inkişafı və regional strukturunun təkmilləşməsi istiqamətləri” kimi fundamental tədqiqatları milli iqtisad elminə dəyərli töfələr olmuşdur.

İqtisadçı alimin əsərlərində keçmiş ittifaq məkanında ilk dəfə olaraq inziba­ti-ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və ərazi idarəetmənin kompleks təkmilləş­məsi konsepsiyası işlənib hazırlanmışdır. Azərbaycanda ərazi-istehsal kompleksi­nin formalaşması, məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi, davamlı və tarazlı regional inkişaf, regional siyasət və idarəetmə məsələlərinin təhlili, keçid döv­rünün elmi cəhətdən əsaslandırılması Əli Nuriyevin adı ilə bağlıdır.

İqtisadçı alimin elmi yaradıcılığın­da ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasəti­nin təhlili, təbliği və reallaşdırılması ilə bağlı elmi təklif və tövsiyələr önəmli yer tutur. Onun “Azərbaycanda iqtisadi inki­şaf və modernləşmə siyasətinin konsep­tual əsasları” fundamental tədqiqatı Ulu öndərin sosial-iqtisadi inkişaf siyasətinin təhlilinə və onun yaradıcılıqla davam və inkişaf etdirilməsi məsələlərinin şərhinə həsr olunmuşdur. 

Son illərdə Əli Nuriyevin fəal iştirakı ilə Azərbaycanda inzibati-ərazi bölgüsü və ərazi idarəetmənin təkmilləşdirilməsi konsepsiyasını işləyib hazırlamışdır. Onun yaradıcılığının mühüm istiqamətlərindən birini də ailə, elm, təhsil, cəmiyyət və onun idarəetmə sistemi haqqında fəlsəfi yanaş­malar təşkil edir. Bu əsərlər elmi-mədəni dairələrdə cəmiyyət problemlərinə yeni baxış kimi qarşılanmış, geniş oxucu kütlə­sinin də rəğbətini qazanmışdır. 

Əli Nuriyevin yaradıcılığı həyata və­siqə alma miqyasına görə də önəmlidir. Onun baramaçılıq-ipəkçiliyin inkişafına, aqrar-sənaye məhsulları keyfiyyətinin yüksəldilməsinə, əhalinin ət və ət məh­sulları ilə təminatının yaxşılaşdırılmasına aid tədqiqatlarının nəticələri qeyd edilən sahələrdə problemlərin həllinə kömək etmişdir. Alimin ötən əsrin 80-ci illərdə hazırladığı inzibati-ərazi bölgüsünün, iq­tisadi rayonlaşdırmanın və ərazi idarəet­mənin qarşılıqlı əlaqədə və sistem halında təkmilləşməsi konsepsiyasndan müstəqil­liyin ilk illərində yeni inzibati rayonların yaranmasında, 1995-ci ildə qəbul edilmiş iqtisadi rayonlara bölgü şəbəkəsinin for­malaşmasında elmi mənbə kimi istifadə olunmuşdur.

Əli Nuriyevin bilavasitə rəhbərliyi al­tında 30 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, 50 ildən artıq müddətdə elmi fəaliyyəti tədrislə sıx əlaqələndirərək ali məktəblərdə müxtəlif fənlərdən mü­hazirələr oxumuşdur. Alim son 20 ildə Dövlət İdarəçilik Akademiyasında dövlət İdarəçilik nəzəriyyəsi, regional idarəetmə fənlərdən dərs demişdir. 

Əli Nuriyev 1970-ci ildə gənc alimlə­rin respublika müsabiqəsinin qalibi olmuş­dur. İqtisadçı alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2005-ci ildə ona professor elmi adı, 2009-cu ildə isə Əmək­dar elm xadimi fəxri adı verilmişdir. 

Təhsildə və elmdə xidmətləri ilə ucal­mış və məşhurlaşmış, ölkəmizin iqtisdi tərəqqisinə elmi töhfələr vermiş görkəm­li iqtisadçı alimimiz Əli Nuriyevin ötən yubileyləri ölkəmizdə layiqincə qeyd edilmişdir. Azərbaycan elminin nufuzlu ağsaqqallarından olan müəllim və dostu­muzun növbəti yubileyində onun dəyərli xidmətlərini qədirbilənliklə yada salmaqla dərin ehtiramımızı ifadə edirik. Əli müəl­limi 85 illik yubileyi münasibətilə səmimi təbrik edir, ona uzun, sağlam ömür və ye­ni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Rəna SULTANOVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Sevda MİKAYILOVA,
ETN İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru

Sosial həyat