İctimaiyyət arasında orta məktəb, tam orta məktəb, lisey və gimnaziya anlayışları çox vaxt qarışdırılır. “XQ”-yə ünvanlanmış oxucu sualına cavab olaraq bu anlayışlara izahını veririk:
Orta məktəb – təhsilin natamam orta (IX sinfinədək təhsil) pilləsi sayılır. Bu pilləni bitirənlərə 9 illik attestat təqdim edirlir ki, şəxs təhsilini tam şəkildə davam etdirə bilsin. Əksər ölkələrdə natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir.
Tam orta məktəb – təhsilin tam orta (XI sinfinədək təhsil) pilləsi sayılır. Bu pilləni bitirənlərə 11 illik təhsili tamamlamaq barəsində attestat verilir ki, şəxs təhsilin ali formasını ala bilsin.
Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
P.S. Etiraf edək ki, əvvəllər valideyn üçün övladının hansı məktəbdə oxuyacağı sualı əhəmiyyətsiz idi. Əksər hallarda uşaqlar yaşadıqları ərazi üzrə təhsil müəssisəsinə yazılırdılar. Bu gün seçim bolluğu bu fərqlərin aydınlaşmasını zəruri edir. Adətən liseylərdə və gimnaziyalarda bir qayda olaraq istedadlı uşaqlar təhsil alırlar. Çünki belə ümumtəhsil müəssisələrinə qəbul imtahan vasitəsilə həyata keçirilir. Bu halda istedadlı şagirdlər lisey və gimnaziyalarda təhsil almaq şansı əldə edirlər. Adi məktəblərdən fərqi şagirdlərin rəqabətli mühitdə yetişməsindədir. Aralarındakı fərq proqramda, təlim şəraitində və dərs yükü dərəcəsindədir.
Bu səbəbdən lisey və gimnaziyalarda təhsil almaq istəyən şagirdlərin sayında hər il artım müşahidə edilir. Müqayisə üçün qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanlarında 2023-cü ildə iştirak edən (22709) və qəbul olan şagird sayı (3946) ilə 2022-ci ildə iştirak edən (16952) və qəbul olan şagirdlərin sayı (2638) arasında ciddi artım var. Şagirdlərin seçimlərinə və tədris ilinin yekununda təlim nəticələrinə əsasən lisey və gimnaziyaların reytinqi də müəyyən edilir. Hazırkı nəticələrə görə, Bakı fizika, riyaziyyat və informatika təmayüllü lisey, Bakı kimya-biologiya təmayüllü respublika liseyi, Gəncə kimya-biologiya təmayüllü respublika liseyi ən çox seçim edilən liseylərdir.
Rizvan FİKRƏTOĞLU
XQ