Müəllimlik peşəsini seçən üç bacı

post-img

Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ADPU-nu seçən bir ailənin üç qız övladı – Sevil, Sevda və Nisə bacıları ilə görüş keçirib.

Görüşdə rektor prof. Cəfər Cəfərovla yanaşı, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov iştirak edib.

Şərəfli və məsuliyyətli müəllimlik peşəsini seçən bacıları təbrik edən rektor onların seçiminin olduqca təqdirəlayiq olduğunu diqqətə çatdırıb və bunun müəllimlik peşəsinin artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Təəssüratlarını bölüşən gənclər də ən vacib və böyük məsuliyyət tələb edən peşələrdən olan müəllimlik ixtisasını məhz müəllimlik məbədi olan ADPU-da dərindən mənimsədiklərini bildiriblər. Onlar gələcəyin sağlam gənclərini yetişdirmək üçün müəllimlik ixtisaslarını seçdiklırini vurğulayıblar. Bacılar həm də aktiv ictimai fəaliyyətlə də məşğul olurlar.

Səmimi söhbət şəraitində keçən görüşün sonunda rektor müəllim bacılara xatirə hədiyyələri verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Xaçmaz şəhərindən olan Qafarovlar ailəsinin üç qız, bir oğul övladları var. Bacıların üçü də hazırda Pedaqoji Universitetdə müəllimlik peşəsinin sirlərinə yiyələnirlər. 

Böyük bacı olan Qafarova Sevil Süleyman qızı ADPU-nun Kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasının V tədris ilində, digər bacısı Qafarova Sevda Süleyman qızı Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının II tədris ilində, kiçik bacıları Qafarova Nisə Süleyman qızı isə Riyaziyyat fakültəsinin “İnformatika müəllimliyi” ixtisasının I tədris ilində təhsil alır.

Qardaşları Sənan isə bacılarının da təhsil aldıqları Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin X sinfində təhsil alır.

Gənclərin ataları hərbçi, anaları isə evdar qadındır. 

Təhsil