III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 olmalıdır) və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 27-31-də Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
DİM-dən verilən məlumata görə, tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür.
Xüsusi buraxılışı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.