Laçında Novruz yarmarkası təşkil olunub

post-img

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Torpaq çərşənbəsinə həsr olunmuş Novruz yarmarkası təşkil olunub.

Həkəri çayının sahilində keçirilən bayram yarmarkasında Laçında fəaliyyət göstərən bir sıra müəssisə və təsərrüfatlar öz məhsullarını nümayiş etdiriblər. Yarmarkada “Naxışlı” tikiş evi, “Latifa” tekstil və dekor məhsulları, “Can Laçın” müalicəvi otlar və kompot istehsalı, “Pirşağı” yerli ayaqqabı istehsalı, “Yurd” Qalereyası, xalçaçılıq emalatxanası, arıçılıq təsərrüfatları, “Raisa İz” milli şirniyyatları, Həkəri Balıq Təsərrüfatı, “RiverSide” ailəvi istirahət mərkəzi və “Laçın” çörək sexi iştirak ediblər.

Yarmarka çərçivəsində həmçinin xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub.

Bayram şənliyi Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızının meydana daxil olması ilə daha da rəngarəng və şən ovqat alıb. Tədbir Laçın rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri ilə davam edib.

Daha sonra Laçın rayonunda keçirilən ictimai tədbirlərdə fəal iştirak edərək fərqlənən şəxslərə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində “Azərçay” brendi, “Araz”, “OBA”, “Al” və “Rahat” marketlər şəbəkəsi tərəfindən iştirakçılara müxtəlif bayram sovqatları təqdim olunub.

Sonda Novruzun əsas rəmzlərindən olan bayram tonqalı alovlandırılıb və tədbir iştirakçıları birlikdə baharın gəlişini, yenilənmə və ümid rəmzi olan Novruz bayramını böyük coşqu ilə qeyd ediblər.

P.ƏMİRCANOV
XQ

 









Sosial həyat