“Nvidia” 1 trilyon dollarlıq sifariş portfeli gözləyir
Dünya köklü texnoloji dəyişikliklər dövrünü yaşayır. “Nvidia” şirkətinin baş direktoru Jensen Huangın son çıxışı göstərir ki, sözügedən texnoloji yeniliklər qlobal iqtisadiyyatın gələcək trayektoriyasını müəyyənləşdirə biləcək həddə gəlib çıxa bilər.
Huang Kaliforniya ştatının San-Xose şəhərində keçirilən tədbirdə “Nvidia” prosessorlarının necə süni intellekt üçün əvəzolunmaz komponentə çevrildiyini izah edib və şirkətin lider mövqeyini qoruyacaq məhsulları diqqətə çatdırıb.
Huang vurğulayıb ki, ilin sonuna qədər “Nvidia” çiplərinə olan sifarişlər üzrə portfel 1 trilyon dollara çata bilər. Bu isə onun ötən il səsləndirdiyi proqnozun iki dəfə artırılması deməkdir. Ümumiyyətlə, “Nvidia” ötən il illik gəlirini 216 milyard dollara yüksəldib. Bu artım şirkətin bazar dəyərinin 4,5 trilyon dollara çatması ilə nəticələnib. Jensen Huangun 1 trilyon dollarlıq sifariş portfeli ilə bağlı səsləndirdiyi proqnoz ilk baxışda mübaliğəli təsir bağışlasa da, onun arxasında dayanan məntiq kifayət qədər aydındır: süni intellekt artıq eksperimental texnologiya deyil, qlobal infrastruktur elementinə çevrilir.
Bir vaxtlar elektrik enerjisi və internet necə qlobal iqtisadiyyatın təməl sütunları rolunu oynadısa, bu gün süni intellekt də eyni funksiyanı üzərinə götürməkdədir. Bu reallıq fonunda Sİ sistemlərini təmin edən yüksək texnoloji çiplər – xüsusilə “Nvidia”nın istehsal etdiyi prosessorlar – XXI əsrin strateji resursu kimi çıxış edir.
Uzun illər ərzində süni intellekt texnologiyalarının əsas yükü öyrənmə mərhələsinin üzərində cəmlənmişdi. Böyük dil modelləri yaradılır, geniş məlumat bazaları ilə qidalandırılır, milyonlarla parametr üzərində mürəkkəb təlim prosesləri həyata keçirilirdi. Bu mərhələ, müəyyən mənada, rəqəmsal zəkanın formalaşdırılması dövrü kimi xarakterizə oluna bilərdi.
Lakin indi diqqət mərkəzi dəyişir. Süni intellekt artıq öyrənmə mərhələsindən daha çox tətbiq mərhələsinə keçib. Sistemlər real vaxt rejimində qərarlar qəbul edir, mətnlər hazırlayır, vizual kontent yaradır və iqtisadi proseslərə birbaşa təsir göstərir. “ChatGPT” və “Gemini” kimi platformalar bu transformasiyanın gündəlik həyatımıza necə nüfuz etdiyini aydın şəkildə nümayiş etdirir.
Bu dəyişiklik texnologiya ilə məhdudlaşmır, iqtisadi modelin özünü yenidən formalaşdırır. Əvvəllər əsas dəyər yaradılma mərhələsində formalaşırdısa, indi gəlirin əsas hissəsi tətbiq və istifadə mərhələsində yaranır. Bu isə bazarın strukturunda köklü dəyişikliklərə yol açır.
Bu kontekstdə 1 trilyon dollarlıq göstərici sadəcə iqtisadi rəqəm deyil. Bu, qlobal texnoloji və iqtisadi istiqamətin konturlarını müəyyənləşdirən ciddi siqnaldır.
Bununla belə, texnologiya tarixində davamlı hegemonluq anlayışı mövcud deyil. Bu gün “Nvidia”nın qarşısında dayanan əsas çağırışlardan biri rəqabətin getdikcə sərtləşməsidir. “Google” və “Meta Platforms” kimi qlobal texnologiya nəhəngləri artıq öz çip həllərini inkişaf etdirməyə yönəliblər.
Bu proses sadəcə bazar uğrunda rəqabət kimi qiymətləndirilə bilməz. Burada söhbət gələcəyin texnoloji suverenliyindən gedir. Süni intellektin “beyni”ni kim istehsal edirsə, gələcəyin iqtisadi və siyasi güc balansını da o müəyyən edəcək.
Eyni zamanda, geosiyasi amillər də bu sahəyə ciddi təsir göstərir. Ölkələr arasındakı bəzi texnoloji məhdudiyyətlər qlobal təchizat zəncirlərində yeni parçalanmalar yaradır və texnologiyanı strateji alətə çevirir. Hazırkı vəziyyət açıq şəkildə göstərir ki, süni intellekt artıq bugünün reallığıdır. Onun tətbiq sahələri genişləndikcə, iqtisadiyyatın bütün seqmentləri bu prosesin təsiri altına düşür. Jensen Huangun çıxışı bu baxımdan, bir növ, manifest kimi qiymətləndirilə bilər. Süni intellektin əsas mərhələsi artıq başlayıb və bu mərhələ daha geniş tətbiq, daha dərin inteqrasiya və daha böyük iqtisadi təsir vəd edir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan “Nvidia” şirkəti ilə olduqca sıx dialoqa maraqlıdır. Belə ki, 2025-ci ilin sonlarından başlayaraq Azərbaycan ilə ABŞ arasında bu istiqamətdə fəallığın artdığı aydın şəkildə hiss olunur. ABŞ-ın Cənubi Qafqaz regionunda süni intellekt üzrə mərkəz formalaşdırmaq niyyəti fonunda Azərbaycanın bu prosesdə uyğun tərəfdaş kimi önə çıxması diqqət çəkir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ötən ilin dekabrında ABŞ-a etdiyi səfər bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Səfər çərçivəsində “Nvidia” şirkətinin Qlobal Süni İntellekt təşəbbüsləri üzrə vitse-prezidenti Calista Redmond ilə keçirilən görüşdə milli süni intellekt platformalarının formalaşdırılması, yüksək məhsuldarlıqlı hesablama resurslarının dövlət xidmətlərinə tətbiqi, startap mühitinin inkişafı və bu sahədə ixtisaslı kadr hazırlığı kimi məsələlər müzakirə olunub.
Digər tərəfdən, mövcud dinamika Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində də hiss olundu. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin nümayəndə heyəti ilə görüşü buna əyani misaldır. Məclisdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib və kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Ümumilikdə, Azərbaycanda süni intellekt sahəsində ilkin və sistemli addımlar artıq atılıb, bu istiqamətdə möhkəm təməl formalaşdırılıb. 19 mart 2025-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” da bu yanaşmanın davamı kimi xüsusi aktuallıq kəsb edir. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz qısa zaman ərzində qlobal “Süni İntellekt Hazırlığı İndeksi”ndə əhəmiyyətli irəliləyiş əldə edib və 41 pillə irəliləyərək 70-ci mövqeyə yüksəlib. Həmçinin Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz artıq 300 milyard dollardan çox xarici investisiya cəlb edib və beynəlxalq reytinqlərdə mövqelərini möhkəmləndirib. Süni intellekt sahəsində aparılan islahatlar və qurulan şərait də reytinq agentlikləri və investorlarda Azərbaycanın gələcəyə sığortalı olduğu təəssüratı yaradır.
Digər mühüm məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” sənədində ilk dəfə olaraq Generativ Süni İntellektin (GenAİ) iqtisadiyyata mümkün təsiri konkret rəqəmlərlə ifadə olunub. Bu yanaşma ölkənin iqtisadi modelində dönüşün, məhsuldarlığın artmasının və yüksək əlavə dəyər yaradan yeni sahələrin formalaşmasının anonsu kimi qiymətləndirilə bilər. Strategiyada nəzərdə tutulur ki, 2029-cu ilədək Azərbaycanda GenAİ tətbiqləri vasitəsilə yaradılan iqtisadi effekt 70 milyon manata çatdırılsın. Bu hədəflər isə Azərbaycanın süni intellekt sahəsinə dair uzunmüddətli strateji baxışının formalaşdığını aydın şəkildə ortaya qoyur.
Bununla belə, mövcud dinamikanı qoruyub saxlamaq üçün Azərbaycan bu sahədə fəaliyyətini daha da genişləndirərək, əvvəlcə regional səviyyədə mövqeyini gücləndirməli, sonrakı mərhələdə isə qlobal miqyasda layiqli yerini möhkəmləndirməlidir.
Nurlan ABDALOV
XQ

