“2025-ci ildə Azərbaycan Mərkəzi Bankının cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit formalaşıb. Bu da ümumi daxili məhsulun 4,6 faizini təşkil etməklə əvvəlki ilə nisbətən 24 faiz azdır. Cari əməliyyatlar balansının ötən il üzrə profisitinin həcmi isə makro iqtisadiyyatın dayanıqlığı baxımından müsbət hesab edilir”.
Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Hazırda Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələrin Azərbaycan Mərkəzi Bankı tərəfindən izlənildiyini vurğulayan bank rəsmisi deyib: “Hadisələr iki həftədən bir az çoxdur ki, başlayıb. Bunun əsasında müxtəlif qlobal əmtəə qiymətlərinin artımı müşahidə olunur. Amma bunun nə qədər, nə dərəcədə keçici, qalıcı olması ilə bağlı hələ də suallar var. Bunun əsasında hazırda proqnoz vermək, hadisələrin cari əməliyyatlar balansına necə təsir edəcəyi ilə bağlı prosesləri diqqətlə izləyirik. Bununla bağlı təhlillər aparırıq. Lakin hələ yenilənmiş proqnozumuz yoxdur. Əgər olarsa, növbəti mətbuat konfransında məlumatı bölüşəcəyik”.
Ötən il neft-qaz sektoru üzrə profisitin 13,8 milyard dollar olduğunu bildirən department rəhbərinin sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə 10,4 milyard dollar kəsir formalaşıb. Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan neftinin reallaşmış orta qiyməti 84 dollar olduğu halda, keçən il bu rəqəm 68,5 dollar təşkil edib. Bununla belə, Azərbaycan qazının ixrac olunmuş hər min kubmetri 289 dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 faiz artım deməkdir.
2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosunun, təxminən, 5 milyard ABŞ dolları təşkil etdiyini diqqətə çatdıran Mərkəzi Bank rəsmisinin sözlərinə görə, hesabat ilində ölkənin xalis maliyyə aktivləri 5,4 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb. Bildirilib ki, ötən il Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 1 milyard 176,9 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8,6 faiz artım deməkdir. Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya Federasiyası (479,3 milyon dollar), Türkiyə (193,2 milyon dollar), ABŞ (100,7 milyon dollar), Gürcüstan (43,6 milyon dollar) və Böyük Britaniya (42,4 milyon dollar) üzrə formalaşıb. Bununla yanaşı, hesabat dövründə ölkəmizdən xaricə göndərilən pul baratlarının həcmi 505 milyon ABŞ dolları olub. Bu isə illik müqayisədə 4,1 faiz azalma deməkdir.
S.Nəsirov qeyd edib ki, keçən il Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 1 milyard 50 milyon dollar gəlir əldə edib. Onun sözlərinə görə, dövlət qurumları, əsasən, ABŞ-ın dövlət istiqrazlarına investisiya yatırıb, bu isə ölkənin ilkin gəlirlər balansının kəsirinin daralmasına xidmət edib: “İl ərzində təkrar gəlirlər balansı isə 17,5 faiz artımla profisitli olub. Bu da, əsasən, ölkəyə pulköçürmə sistemləri vasitəsilə daxil olan pullarla bağlıdır. Onlar daha çox pul baratlarıdır, kapital xarakterli olmayan əməliyyatlar çıxılmaqla ölkəyə daxil olan vəsaitlərdir”.
Departament rəhbəri daha sonra bildirib ki, 2025-ci ildə xarici rezidentlər tərəfindən Azərbaycan iqtisadiyyatına 6 milyard 595 milyon dollar investisiya yatırılıb. Ölkəmizə yönəldilən investisiyanın həcminə görə birinci yeri 1 milyard 735,8 milyon ABŞ dolları ilə Böyük Britaniya tutub. Növbəti yerlərdə isə Türkiyə (1 milyard 230,85 milyon dollar), Cənubi Kipr (751,1 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (404,8 milyon dollar) və İran (375,3 milyon dollar) qərarlaşıb.
Ötən il isə Azərbaycandan xaricə 2 milyard 528 milyon dollarlıq birbaşa investisiya yatırılıb. Ölkəmizdən ən çox yatırım (542,6 milyon dollar) İsrail iqtisadiyyatına yönəldilib ki, bu da “Tamar” layihəsi ilə bağlıdır. Yeri gəlmişkən, Aralıq dənizində yerləşən neft yatağı ilə bağlı investisiya qoyuluşu ötən ilin 3-cü rübündə həyata keçirilib. Bundan əlavə, il ərzində Türkiyəyə 345 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 329,1 milyon dollar, Böyük Britaniyaya 212,3 milyon dollar, Gürcüstana isə 179,5 milyon dollar birbaşa xarici investisiya yatırılıb. Qeyd olunub ki, xaricə investisiya qoyuluşunun 1 milyard 441 milyon dolları qeyri-neft-qaz sektoruna yönəlib. Bu da illik müqayisədə 6,1 faiz çoxdur. Xarici yatırılmış investisiyalar, əsasən, dövlət və özəl müəssisələrinin, o cümlədən bankların və investisiya şirkətlərinin xarici qiymətli kağızlara yatırdıqları pullardır.
Sonda kütləvi informasiya nümayəndələrinin çoxsaylı sualları ətraflı cavablandırılıb.
Mirbağır YAQUBZADƏ
XQ

