Oğuz rayon oykonimlərinin ümumi linqvistik mənzərəsi

post-img

Oykonimlər toponimlərin bir növü və xüsusi isimlər olub, yaşayış məntəqələrinin (şəhər, qəsəbə və kəndlərin)  adlarını bildirir. Şəhər adlarını bildirən oykonimlər astionim, qəsəbə və kəndlərin adlarını bildirənlər isə komonim adlanır.

Oykonimlər digər dil vahidlərindən fərqli olaraq, siyasi və ictimai xarakter daşıyır. Onlar dunən ilə bu gün, bu gün ilə sabah arasındakı körpüyə bənzəyir,  tariximizə işıq salır, xalqımızın uzaq keçmişdən bu günədək peşəsini, məşğuliyyətini, məişətini, adət-ənənəsini, dilini, dini baxışlarını, coğrafiyasını, mədəniyyətini  və etnoqrafiyasını özündə əks etdirir. Digər tərəfdən, oykonimlər tarixi hadisələrin şahidləri kimi, yaddaşları təzələyərək, həmin ərazidə cərəyan etmiş prosesləri təkrar xatırladırlar. Təsadüfi deyil ki, tədqiqatçılar onları tarixin möhürləri, “torpağın dili” adlandırırlar.   

 Azərbaycanın İsveçrəsi sayılan qədim Oğuz rayonunun oykonimləri də  zənginliyinə görə diqqəti cəlb edir. Bunların əksəriyyətinin nə zaman yarandığı məlum deyil. Onların formalaşması mürəkkəb tarixi proses nəticəsində, müxtəlif zamanlarda baş verib.  

Hələ çox qədimlərdə rus və Avropa səyyahları, ərəblər, farslar, yunanlar Oğuz oykonimlərinə dair fikir söyləmişlər. Oğuzdakı Xaçmaz oykoniminə Herodot, Strabon və Gevondun, Xalxal oykominə isə M.Kalankatuklu və Yaqut əl-Həməvinin əsərlərində də təsadüf olunur. Oğuz oykonimlərinin  izlərinə Ana kitabımız “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. Hətta qədim erməni mənbələrində də rayondakı bir sıra oykonimlərin mövcudluğu təsdiq olunur.  

Oğuz oykonimləri zaman-zaman Azərbaycan alimlərinin də diqqətini cəlb etmişdir. Müxtəlif dövrlərdə görkəmli alimlərimizdən A.Bakıxanov, Z.Bünyadov, N.Vəlixanlı, S.Aşurbəyli, M.Seyidov, Ə.Ələkbərli, H.Mirzəyev, Q.Cəbiyev, Q.Qeybullayev, V.Məmmədov, Y.Yusifov, Q.Məşədiyev, S.Mollazadə, N.Məmmədov, E.Nuriyev və başqaları bu sahədə sanballı araşdırmalar  aparmışlar. Onlarla yanaşı, oğuzlu alimlərdən İ.İsmayılov, H.Babayev, E.Əlibəyzadə, yazarlardan N.Hüseynli, Y.Rzayev, C.Cavanşir və S.Mürvətqızı da Oğuz oykonimləri barədə tədqiqatlar aparmış və  maraqlı nəticələr əldə etmişlər.

Bu gün vaxtı ilə mövcud olmuş Oğuz oykonimlərinin bir qismi (Balaşum, Axpiləkənd, Covlan, Cucamış, Otmanlı, Qoruxlar, Güllüdağ, Maza, Xoşkaşen, Ağlıq, Qiyaslar və s.) artıq tarixə çevrilmişdir. Bizim söhbətimiz isə hazırda mövcud olan oykonimlər barədə olacaqdir. 

İndi Oğuzda 35 oykonim mövcuddur. Onlardan biri astionim (şəhər adı), qalan 34-ü isə  komonimlərdir. Komonimlərdən 2-si (Xaçmaz və Xalxal)   “qışlaq” fərqləndirici sözü əlavə edilməklə  iki dəfə işlənmişdir.

Oğuz oykonimlərinin leksik-semantik təsnifatını aşağıdakı kimi vermək mümkündür: etnonim (müxtəlif tayfa, qəbilə, nəsil və xalq adları), antronim (şəxs adları), hidronim (su obyektlərinin adları), fitonim (bitki adları), oronim (yerin relyef formalarına uyğun verilən adlar) səciyyəli və rəng bildirən sözlərlə yaranan oykonimlər. 

Oğuz oykonimlərinin çoxu Azərbaycan dilinin formalaşmasında və xalqımızın etnogenizində bilavasitə iştirak etmiş xalq, tayfa, etnos, qəbilə, əşirət, qol və oymaqların adları ilə bağlıdır. Ümumiyyətlə, burada ümumtürk və Azərbaycan mənşəli etnotoponimlər müəyyən bir lay təşkil edir.  Məlumdur ki, tayfa və nəsil adlarından törənən onomastik vahidlər tarixi baxımdan daha qədim hesab olunur. Tarixən mövcud olan həmin oykonimlər Oğuzun ərazisində yaşayan türk xalqlarının tarixi ilə bilavasitə əlaqəlidir. Oğuz, Abdallı, Bayan, Bucaq, Ərmənət, Xaçmaz, Xalxal, Qarabulaq, Qarabaldır, Calut, Muxas, Padar, Tərkeş, Yaqublu, Böyük Söyüdlü, Sincan belə oykonimlərdəndir. Araşdırmalar göstərir ki, bunların adları oğuz, abdal, bayandur, bucaq, ərmən (qıpçaq), qarqar, xeçmatak, qarabulaq, qarabaldır, ud, mux və as, padar, tərkiş, yaqub, söyüt və sincan adlı qədim türk tayfa, etnos, qəbilə və əşirətlərinin adı ilə birbaşa bağlıdır və onların burada yaşamasının göstəricisidir.    

Oğuzun ərazisindəki yeganə astionimin (Oğuz şəhəri) özü də etnotoponim səciyyəlidir. Çünki çox qədim Oğuz boyunun adını daşıyır. Mahmud Kaşğari qeyd edirdi ki, Oğuzlar ən böyük və ən nüfuzlu türk boyu olub. Onu da qeyd edək ki, rayonun əvvəlki komonimlərində də “Oğuz” adından istifadə edilmişdir. Belə ki, hazırkı Ərmənət kəndinin keçmiş adı bir zamanlar “Oğuz yeri” olmuşdur. (“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, səh:187)

Ərazidə “Kitabi-Dədə Qorqud” dastanı ilə səsləşən etnotponim səciyyəli oykonimlər də (Oğuz, Qarabaldır, Qarabulaq və Bayan) vardır.

Etnotoponimlərin bir qismi həm də areal xarakterə malikdir. Onlara nəinki Azərbaycanda və digər türk ölkələrində, hətta başqa xarici ölkələrdə də (İran, Rusiya, Gürcüstan, Ermənistan, Çin, Monqolstan, İsrail, Əfqanstan, Portuqaliya, Bolqarstan, BƏƏ, İraq və s.) rast gəlmək olur. Abdallı, Bayan, Sincan, Hallavar, Xalxal, Qarabulaq, Calut oykonimlərini bunlara nümunə göstərmək olar. 

Oğuz oykonimlərinin bəziləri də şəxs, bitki, rəng və su obyektlərinin adları əsasında formalaşmışdır. Kərimli və Tayıflı; Filfilli və Yemişənli; Çaldaş və Zərrab kəndlərinin adları buna misal ola bilər. 

Kərimli kəndi XIX əsrdə yaşayıb-yaratmış şair M.K.Vardaninin, Tayıflı kəndi Tayıb adlı şəxsin adı ilə bağlıdır. Bir oykonimin (Mollalı) adı isə dini vəzifə anlayışı ifadə edən sözlə ifadə olunmuşdur. Kərimli kəndinin adını memorial (xatirə xarakterli) oykonim də hesab etmək olar.  

Filfilli kəndinin adı ərəbcə filfil (bibər) bitkisinin, Yemişənli kəndinin adı “yemişan” kolunun adı ilə əlaqəlidir. (Tədqiqatçılar qeyd edirlər ki, fitotoponimlərdə mövcud olan –lı (-li,-lu, -lü) şəkilçisi bir növ çoxluq mənası yaradır). 

Çaldaş kəndinin adı rəng (çal, qonur) adından, Zərrab kəndinin adı isə yaxınlıqdan keçən Sarısu (farsça zərd və ab)  çayının adından alınmışdır.  

Rayonun təbii şəraiti, coğrafi obyektlərin zənginliyi rəngarəng oykonimlərin də yaranmasına səbəb olmuşdur. Bəzilərinin adları ərazinin xarakter xüsusiyyətlərini, zahiri əlamətini bildirir və məkanın relyef formalarına uyğun formalaşdırılmışdır. Qumlaq, Top, Çayqovuşan, Dəymədağlı, Dəymədərə, Baş Daşağıl bu cür oronimlərdən sayıla bilər. Belə məlum olur ki, ərazinin relyefi onun oykonimlərində də relyef formalarını (dağ, dərə, qumluq və s.) əks etdirən zəngin və rəngarəng makrooykonimlərin əmələ gəlməsinə səbəb olmuşdur. Onların əsasında ərazinin relyef quruluşu, mənzərə xüsusiyyətləri, təbii sərvətləri, bitki örtüyü, təbii xüsusiyyətləri haqqında da müəyyən qənaətə gəlmək mümkündür.

Ümumiyyətlə, Oğuz oykonimləri ərazinin zəngin tarixini, müxtəlif mədəni təsirlərini və coğrafi xüsusiyyətlərini özündə cəmləşdirən linqvistik stok (ilkin material) rolunu oynayır.

Onların əksəriyyəti Azərbaycan dilinin qrammatik quruluşu əsasında formalaşmışdır. Quruluşuna görə, bu oykonimlər əsasən leksik, morfoloji və sintaktik yollarla yaranmış vahidlərdir.

Leksik yolla yaranan oykonimlər əsasən sadə sözlərin yer adlarına çevrilməsi yolu ilə əmələ gəlmiş və bu zaman xüsusi morfoloji şəkilçilər işlənməmişdir. Padar, Top, Bucaq, Xalxal, Sincan, Çaldaş, Calut, Xaçmaz, Bayan, Ərmənət, Muxas, Oğuz, Tərkeş kəndlərinin adları leksik yolla yaranmış oykonimlərə nümunə ola bilər.      

Morfoloji yolla yaranan Oğuz oykonimləri daha çox –lı (-li, - lu, -lü), üç halda -laq və bir halda -ıx  şəkilçiləri ilə meydana çıxmışdır. Abdallı, Dəymədağlı, Filfilli, Kərimli, Mollalı, Şirvanlı, Tayıflı, Yaqublu, Yemişənli, Qumlaq, Xaçmazqışlaq, Xalxalqışlaq və Malıx oykonimləri belə formalaşmışdır. Bir oykonimin isə (Çayqovuşan) ikinci tərəfində -an şəkilçili feli sifət işlənmişdir. Araşdırmalar göstərir ki, morfoloji yolla yaranmış oykonimlər əsasən isimlərdən formalaşmışdır.

Sintaktik yolla yaranmış oykonimlərin çoxu mürəkkəb söz quruluşlu bir sözdən ibarət, kök+kök (Oğuz, Çaldaş, Yenikənd, Dəymədərə, Hallavar (alavar), Qarabaldır, Qarabulaq) və kök+kök+şəkilçi (Dəymədağlı, Çayqovuşan, Xaçmazqışlaq, Xalxalqışlaq) modelləri əsasında yaranmışdır. 

Sintaktik yolla yaranmış oykonimlərin ikisi fərqləndirici əlamətlər (baş, böyük) əlavə etməklə söz birləşməsi kimi formalaşmışdır. Onlar I növ təyini söz birləşməsi kimi yaranan Baş Daşağıl və Böyük Söyüdlü oykonimləridir.

Oykonimlərin yaranmasında əsasən baş, daş, böyük, dərə, dağ və qışlaq topoformatları iştirak edir.

Quruluşca bütün oykonimlərin 14-ü (40 %-i) sadə, 9-u (26 %-i) düzəltmə, 12-si (34 %-i) isə mürəkkəbdir. Onu da qeyd edək ki, bəzi oykonimlərin adlarının sadə hesab edilməsi nisbi sayılmalıdır. Çünki həmin adların etimologiyası göstərir ki, onlar qədim kök və şəkilçilərin birləşməsindən ibarətdir. Bu cür yaranmış həmin oykonimlər zamanla əsl mənasını itirmiş və indi sadə quruluşlu ad kimi qəbul edilir. Məsələn, sadə hesab olunan Padar oykonimi “pad” (dua)  və “ar” (kişi) elementlərinə bölünür. Və yaxud Xaçmaz “xaç” və “matak”, Bayan “bay” və “an” tərkiblərindən ibarətdir və s. Bu, dilin ilkin yaranma dövrlərində sözlərin əsasən bir və ya ikihecalı olduğunu, düzəltmə və mürəkkəb quruluşlu vahidlərin daha sonralar yarandığını göstərir.  

Təhlillər göstərir ki, oykonimlərin 1-i təkhecalı, 14-ü ikihecalı, 10-u üçhecalı,     9-u dördhecalı, 1-i isə beşhecalıdır.

Oğuz oykonimlər sistemi demək olar ki, yekcinsdir – mütləq  əksəriyyəti (92%-i) türk mənşəlidir. Bu da  ərazinin aborigen sakinlərinin türklər olduğunu  bir daha sübut edir. 

Oykonimlər semantik arxeizmlərlə də zəngindir. Onların tərkibində işlənmiş qara (güclü, böyük), daş/dış (kənar), ağıl (yaşayış yeri, kənd), çal (boz, qonur rəng), van (ban, hündür, uca yer) və abdal (dərviş, qələndər) belə semantik arxeizmlərə nümunə ola bilər.

Burada əcnəbi mənşəli toponimlərə (ekzonimlərə) çox az hallarda təsadüf olunur. Bunlara Mollalı (ərəb), Filfilli (ərəb) və Zərrab (fars) toponimlərini misal göstərmək olar. Tarixi faktlar göstərir ki, bir vaxtlar (1849-2018-ci illərdə) rayon ərazisində rus mənşəli iki (Astraxanovka və Vladirmirovka) oykonim də olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli  qərarı ilə Astraxanovka kəndinin adı dəyişdirilərək Çaldaş, Vladimirovka kəndinin adı isə Çayqovuşan adlandırılmışdır. (Bəziləri Calut, Muxas, Tərkeş və Ərmənət kəndlərinin adlarını Qafqaz dilli xalqlara   bağlayırlar ki, bunun da heç bir elmi əsası yoxdur.)

Fars və ərəb köklərindən tutmuş rus irslərinə qədər bu oykonimlər Oğuzun sivilizasiyaların kəsişmə nöqtəsi kimi dinamik kimliyini əks etdirərək keçmişi və bu günü haqqında ətraflı məlumatlar çatdırır. 

Bir daha xatırladırıq ki, oykonimlər informasiya daşıyan etnomədəni mətnlərdir, mədəni-tarixi informasiyanın qoruyucusu,  rayon haqqında biliklər xəzinəsidir,   Onların tədqiqi və öyrənilməsi tariximizi, xalqımızın etnogenizini, coğrafiyamızı, diyarşünaslığı, dil və ədəbiyyatımızı, etnoqrafiyamızı, mədəniyyətimizi öyrənmək, xüsusən  öz kimliyimizi dərindən dərk etmək, itirilmiş dəyərləri bərpa etmək üçün ən etibarlı mənbədir.

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

Sosial həyat