Süni intellekt: rəqib, yoxsa tərəfdaş?

post-img

Dünyaya örnək siyasət

Bugünkü keşməkeşli və narahat dünyamızda hər bir ölkənin varlığı və tərəqqisi iki məsuliyyəti eyni anda idarə etməyi tələb edir: dövlətin sabitliyini qorumaq və onun inkişafını təmin etmək. İrəliyə doğru bu yeganə yolun uğuru isə Prezident İlham Əliyev kimi mətin və uzaqgörən liderin siyasəti sayəsində həm ölkədə sabitliyin qorunması, həm də digər dövlətlər üçün örnək olan sistemli və səmərəli inkişaf modelinin yaradılmasıdır.

Bu baxımdan ictimai həyatın müdrikcəsinə idarə olunması, əhalinin rifahının daha da yaxşılaşdırılması və iqtisadi inkişafın sürətli və davamlı olmasına istiqamətləndirilməsi əsas məqsəd kimi hədəfləndirilməlidir. Prezident İlham Əliyevin siyasəti ictimai sərvətin qorunması ilə bərabər, siyasi qazanca aludəliyi deyil, milli rifahın maksimallaşdırılmasını özündə ehtiva edir.

Bu siyasətin əsas sütunlarının dürüstlük, şəffaflıq, hesabatlılıq, ədalət və davamlılıq olduğunu iddia etmək düzgün olardı. Eyni zamanda, qısamüddətli populist proqramlardan çəkinmək, gələcək nəsilləri borc yükü altına salmadan xarici borcların optimallaşdırılması da ölkəmizin uğurlu iqtisadi siyasətinin atributlarından biridir.

Yaşadığımız müasir geopolitik gərginlik və tarif müharibələri fövqündə maliyyə peşəkarları üçün bu ticarət müharibəsi yalnız qeyri-sabitlik dövrü deyil, eyni zamanda, iqtisadi dəyişkənliyi strateji faydaya çevirmək üçün əhəmiyyətli məqamdır. Dünya alimlərinin fikrincə, bizneslər üçün arzuolunmaz hesab edilən ticarət müharibələri maliyyə peşəkarları üçün fürsət deməkdir. Albert Eynşteynin təbirincə desək, hər böhran kəşf üçün bir fürsətdir.

Yeni dövrün ehtiyac duyduğu maliyyə bacarığı yalnız ani riskləri deyil, həm də uzunmüddətli strateji mövqeləri idarə etmək üçün yetərli olmaqla yanaşı, ani tarif dəyişiklikləri, ticarət sanksiyaları və embarqoları nəzərə alan çevik risk modelləri təqdim və tətbiq etməyə qadir olmalıdır.

Ümumi rəy bundan ibarətdir ki, strateji düşünə bilən, qətiyyətli hərəkət edən və dəyişən iqtisadi mühitə uyğunlaşanlar yalnız sağ qalmaqla kifayətlənməyəcək, eyni zamanda, bu yeni ticarət dövründə uğur qazanacaqlar.

Belə bir rəyin müqabilində idarəetmənin keyfiyyətcə yeni bir orbitə çıxmasına imkan verən və çox böyük üstünlüklər əldə etməyə zəmin yaradan mütərəqqi texnologiyalardan istifadə etməklə kifayətlənməyib rəqəmsallaşma və süni intellektin təxirə salınmadan, gecikmədən tətbiqi ön plana çıxır.

Bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planının hazırlanmasına və tətbiqinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 11 fevral tarixdə keçirdiyi müşavirədəki proqram xarakterli təklif və tövsiyələri mühüm əhəmiyyət kəsb edir.

Ölkə Prezidenti qeyd etmişdir: “Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar, faktiki olaraq, ölkələrin gələcək inkişafını müəyyən edir”.

Ümumiyyətlə, son bir ildə Prezident tərəfindən şəffaflığın artırılmasına və iqtisadiyyatın idarə edilməsində rəqəmsallaşmanın və süni intellektin tətbiqinə dair bir sıra vacib sənədlər imzalanmışdır. Bunlara misal olaraq, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnaməni – “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası”nı – “E-mühasibat” informasiya sistemi haqqında Əsasnaməni – göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyası”nda da süni intellektin tətbiqinin təşkili nəzərdə tutulmuşdur.

2026-cı il fevralın 27-də imzalanmış “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ehtiva edilən məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi kimi məqsədlər öz aktuallığı ilə yanaşı, müasir iqtisadi siyasətdə yeni yanaşma olmaqla digər ölkələr üçün örnək kimi xüsusi dəyərləndirilməlidir. Təbii ki, göstərilən sahələrdə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası ölkəmizdə müvafiq istiqamətlərdə təsdiq edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini, icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyqunluğunun təmin edilməsinə nəzarəti həyata keçirən, normativ – hüquqi aktların təkmilləşdirilməsi istiqamətində mühüm problemlərin həllini təmin etmək əzmində olacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri təsdiq edilməsi bir tərəfdən bu inamın doğrulacağına əsas verməklə, digər tərəfdən ölkə başçısının Fərmanda nəzərdə tutulmuş problemlərin həllinə necə böyük əhəmiyyət verdiyinə dəlalət edir. Əminliklə demək olar ki, elə həmin gün, fevralın 27-də Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq icraçılar tərəfindən vaxtında və keyfiyyətlə icrası da bu sahədə mühüm önəm kəsb edəcək.

Rəqəmsallaşma və süni intellekt

Son onilliklər ərzində bir sıra ölkələrdə geniş istifadə olunan rəqəmsal texnologiyalar və onların nəticəsi olan rutin (təkrarlanan, eyni qaydada icra olunan) iş və tapşırıqların avtomatlaşdırılması ilə süni intellektin tətbiqi arasındakı fərqin də dəqiqləşdirilməsinə ehtiyac duyulur.

Nəzərə almaq lazımdır ki, süni intellekt tamamilə fərqli və yüksək səviyyədə transformasiya deməkdir. Bu yalnız tapşırıqları avtomatlaşdırmaq qabiliyyəti ilə deyil, həm də istifadəçinin intellektinin və bacarığının gücləndirilməsi ilə bağlıdır. Süni intellekt sistemləri məlumat toplusunun dərinliklərində gizlənmiş nümunələrə əsaslanaraq tövsiyələr verə bilir.

Süni intellektin mühasibat və audit peşələri üçün böyük potensial dəyəri var. Belə ki, süni intellekt nisbətən aşağı dəyərli tapşırıqlara sərf olunan günlərlə və həftələrlə vaxtı qənaət edə bilər. Bu isə mühasiblərə və auditorlara diqqəti “nə baş verdi?” kimi geriyə baxan suallardan “nə baş verəcək?” kimi daha dəyərli və gələcəyə yönəlmiş suallara yönəltməyə, habelə, müştərilərə və rəhbərlik komandalarına daha çox məsləhət verməyə vaxt ayırmağa imkan verir.

Başqa sözlə, süni intellekti tətbiq edən mühasib və auditorlar strateji qərarlara təsir göstərəcək və təşkilatları (sifarişçiləri) üçün daha böyük dəyər yaradacaqlar. Süni intellekti qəbul etmək insanların (işçilərin) əvəz olunması deyil, onların daha dərin təhlil, daha güclü nəzarət və daha yüksək dəyər təqdim etmələri üçün gücləndirilməsi deməkdir.

Süni intellekti rəqib deyil, tərəfdaş kimi qəbul etmək gərəkdir. Süni intellekt həm risk, həm də imkan yaradır. Bizlərdən tələb olunan süni intellekt kimi ən son yenilikləri doğru ruhda qəbul etməli, onları effektiv şəkildə istifadə etmək üçün hazırlığımıza diqqət yetirməliyik. Mütəxəssislərin rəyinə görə, süni intellekt maliyyə peşəkarları iyerarxiyasının hər səviyyəsində effektiv şəkildə istifadə oluna bilər.

Yüksək ilkin investisiyalar və bacarıqlı kadr çatışmazlığı kimi çətinliklərə rəğmən süni intellektin mühasibatlığı və auditi köklü şəkildə dəyişdirmək potensialı artıq heç bir şübhə doğurmur.

Mühasibatlıq və auditə süni intellektin ən bariz təsiri gündəlik işlərin avtomatlaşdırılmasıdır. Süni intellekt ən azından əsaslı həllər üçün məlumat daxil edilməsi, sənəd yoxlanılması, tranzaksiya uyğunlaşdırılması kimi təkrarlanan və vaxt aparan tapşırıqları icra edə bilər. Eyni zamanda, süni intellekt alqoritmləri minlərlə maliyyə əməliyyatlarını avtomatik şəkildə qiymətləndirərək anomaliyaları, adi olmayan sapmaları və gözlənilməz tendensiyaları aşkar edir. Bu isə, öz növbəsində, mühasibatlıq və audit proseslərini sürətləndirir və insan səhvlərinin ehtimalını azaldır.

Süni intellekt auditorlara böyük həcmli məlumat dəstlərini birbaşa təhlil etmək imkanını yaradır, halbuki ənənəvi metodlar yalnız seçmə metoduna əsaslanırdı. Məhz bu üstünlük təşkilatın maliyyə vəziyyəti və risk profili barədə daha dərin anlayış təmin edir.

Bununla yanaşı, süni intellekt real vaxtda saxtakarlıq əlamətləri, qeyri-adi xərcləmə və hesabat uyğunsuzluqlarını aşkar edir ki, bu da mühasibatlıq və auditə problemləri böyümədən aradan qaldırmağa imkan verir.

Başqa sözlə, risklərə dərhal reaksiya verilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan verir. Süni İntellekt əsaslı təhlillər mühasib və auditorlara məlumatları daha yaxşı başa düşməklərinə zəmin yaradır. Bu isə daha düşünülmüş strateji qərarların qəbuluna yol açır və resursların daha səmərəli istifadəsi təmin edilir.

Süni intellekt insanlarla rəqabət aparmır, əksinə, onlarla birlikdə işləyərək mühasibatlığın və auditin rollarını gücləndirir, anlayışları dərinləşdirir və diqqəti ən önəmli işlərə yönəltməyə imkan verir.

Xarici ölkələrdə aparılan müşahidələr sübut etmişdir ki, süni intellektin tətbiqi manual əməyin 70 faizdən çox azalmasına, mühasibatlıq və auditin funksiyalarının biznesin inkişafına töhfə verən rola çevrilməsinə imkan yaradır.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nda qeyd edildiyi kimi, “Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər”.

Bu baxımdan heç də təsadüfi deyil ki, “Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrdə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranmışdır”.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə söylədiyi kimi, “süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır”.

Yeni dövrün çağırışları

Yuxarıda qeyd olunduğu kimi, ənənəvi audit fundamental olaraq reaktivdir, yəni hadisələrə sonradan, problem baş verəndən sonra reaksiya vermək xüsusiyyətini özündə ehtiva edir və bu səbəbdən də “nə yanlış getdi?” sualına cavab verir.

Yeni dövrün çağırışları fonunda isə audit proaktiv olmalı və daha vacib olan “Nə yanlış gedə bilər?” sualını cavablandırmalıdır. Yəni biz yalnız uyğunluğu müəyyənləşdirməməli, etibar yaratmalıyıq. Bu isə o deməkdir ki, müasir şəraitdə audit, elə mühasibatlıq özü də uyğunluq yoxlayıcısından strateji məsləhətçiyə çevrilməli, riskləri müəyyən etməli və təşkilat performansını artıran tövsiyələr verməlidir. Obrazlı şəkildə desək, biz auditorlar və mühasiblər keçmişin korporativ tarixçisi olmuşuq, halbuki dünya bizdən gələcəyi görənlər olmağımızı tələb edir.

Belə bir bənzətmə də yerinə düşər ki, rəhbərlik təyyarənin kapitanı, menecment pilot - idarə edəndirsə, auditor və mühasibatlıq köməkçi pilot funksiyasını yerinə yetirməlidir (riskləri qabaqcadan göstərən, idarəetməyə dəstək verən).

XXI əsrdə mühasibatlıq və auditin devizi: “Nəzarətdən – etibara keçid” olmalıdır. Bu baxımdan bizim rəqibimiz yox, müttəfiqimiz olan süni intellekt müstəsna əhəmiyyət kəsb edir. Məlumdur ki, ənənəvi olaraq auditorlar nəticələr çıxarmaq üçün əməliyyatların seçmə üsulla yoxlamasını həyata keçirirdilər (böyük əksəriyyət indi də həmin qaydada).

Süni intellekt isə məlumatların bütün həcmini sürətli və fasiləsiz şəkildə təhlil etməyə imkan verir. Nəticədə, auditorlar qeyri-adi əməliyyatları, uyğunsuzluqları və potensial fırıldaqçıları daha dəqiq müəyyən edə bilirlər.

Bugünkü hiper-əlaqəli və dəyişkən biznes mühitində nümunə əsaslı, seçmə üsula əsaslanan audit yetərsizdir. 10 milyon əməliyyatın 1 faizlik nümunəsi hələ də 9 900 000 əməliyyatı yoxlamadan buraxır ki, bu da ciddi təminat boşluğu yaradır.

İnsan təhlili ilə ağıllı avtomatlaşdırma və süni intellekt tətbiqinin kəsişməsində olaraq müasir şəraitdə audit və mühasibatlıq idarəetmədə mükəmməliyi və hesabatlılığı gücləndirməklə həm iqtisadi subyektlərə, həm də cəmiyyətə fayda vermək əzmindədir. Belə halda, maliyyə mütəxəssisləri digər üstünlüklərlə bərabər innovasiyaların idarə olunmasında və uzunmüddətli rəqabət üstünlüyünün qazanılmasında əsas fiqura çevrilirlər. Bu isə mühasibatlığın, auditin və maliyyə peşəkarlarının “rəqəm sayanlardan” strateji vizionerlərə çevrilməsi anlamına gəlir.

Göründüyü kimi, rəqəmsallaşma və süni intellektin tətbiqi bəzilərinin bəyan etdikləri kimi mühasibatlıq və audit peşəsinin sonu yox, əksinə, onların strateji rollarının güclənməsini labüd edir.

Etika və süni intellekt

Müasir biznes dünyasında etik davranış iqtisadi sabitliyin və inkişafın əsasını təşkil edən mühüm və zəruri elementdir. Audit və mühasibatlıq üçün xüsusilə önəmli olan etik davranışın peşəmizə etimadın təməl daşı olduğu şübhəsizdir. Sonuncu redaksiyası ötən il Auditorlar Palatası tərəfindən IFAC-ın xüsusi icazəsi ilə Azərbaycan dilinə tərcümə olunaraq 2025-ci ildə nəşr edilən “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) peşəmizə etimadı qorumaq üçün əsas təmin edir.

Müasir iqtisadi münasibətlər sistemində audit fəaliyyəti təkcə maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması ilə məhdudlaşmır və yüksək ictimai məsuliyyət daşıyan sahə kimi çıxış edir. Bu məsuliyyətin əsas dayaqlarından biri peşə etikasıdır.

Dünya təcrübəsi göstərir ki, audit sahəsində baş verən böhranların, nüfuz itkilərinin və maliyyə qalmaqallarının əksəriyyəti hüquqi boşluqlardan deyil, etik prinsiplərin pozulmasından qaynaqlanır. Xüsusilə, müstəqilliyin itirilməsi, maraqların toqquşmasının vaxtında açıqlanmaması, maliyyə təzyiqləri qarşısında peşəkar mövqenin zəifləməsi audit peşəsinə olan ictimai etimadı ciddi şəkildə sarsıdır. Bu baxımdan etik davranış və pozuntulara yol verilməməsi audit fəaliyyətinin mühüm tərkib hissəsi olmaqla, onun keyfiyyət göstəricisi kimi çıxış edir.

Auditorlar Palatası Şurasının 2025-ci il 23 dekabr tarixli 384/7 nömrəli qərarı ilə 2026-cı il ölkə auditorları üçün “Auditdə peşə etikası ili” elan edilmişdir. Sözügedən qərar audit peşəsində etik davranışın gücləndirilməsi, beynəlxalq etik standartların tətbiqinin genişləndirilməsi, etik pozuntuların aradan qaldırılması, auditorların peşəkar müstəqilliyinin və ictimai etimadın möhkəmləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Auditdə peşə etikası yalnız normativ tələblərə əməl etmək deyil, eyni zamanda, auditorun peşəkar mühakiməsində dürüstlük, obyektivlik və məsuliyyət nümayiş etdirməsidir. Mühasibatlıq və audit sahəsində sadəcə qanunvericiliyin tələblərinə riayət olunması yetərli hesab edilmir, etik davranış hüquqi çərçivədən daha geniş məzmun kəsb edir. Etik məsuliyyət auditorun verdiyi qərarların ictimai nəticələrini dərk etməsini və mümkün risklərin qarşısını qabaqlayıcı yanaşma ilə almasını tələb edir.

İqtisadi münasibətlərin mürəkkəbləşməsi, maliyyə bazarlarında rəqabətin artması və korporativ maraqların genişlənməsi auditorların üzləşdiyi etik risklərin sayını və miqyasını artırır. Praktikada auditorlar sifarişçi təzyiqləri, maraqlar toqquşması, maliyyə stimulları, reqlament boşluqları və qeyri-müəyyən hallarla qarşılaşırlar.

Beynəlxalq və milli təcrübə göstərir ki, etik pozuntuların əksəriyyəti reaktiv yanaşma nəticəsində, yəni pozuntu baş verdikdən sonra aşkarlanır. Halbuki müasir audit idarəetməsi etik risklərin yaranmadan əvvəl müəyyən edilməsini, qiymətləndirilməsini və qarşısının alınmasını hədəfləyən preventiv metodologiyaya əsaslanmalıdır. Məhz bu ehtiyac audit sahəsində monitorinqlərin aparılmasını və müvafiq hesabatların peşə etikası üzrə hazırlanmasını zəruri edir.

Eyni zamanda, auditorların etik davranışına sistemli nəzarətin həyata keçirilməsi, etik risklərin qiymətləndirilməsi və etik mədəniyyətin formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Maarifləndirmə, metodiki dəstək, risk əsaslı monitorinq və hesabatlılıq mexanizmlərinin tətbiqi etik davranışın təşviqi və etik risklərin idarə edilməsi və öncədən etik pozuntuların qarşısının alınması kimi amillər də audit keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir.

Xarici qurumlardan olan Opinion Research Corporation tərəfindən aparılan son araşdırma göstərir ki, iştirakçıların 82 faizi etik davranışları mənimsəyən bir şirkətə keçmək üçün daha az əməkhaqqını qəbul edirlər. Bu isə ona dəlalət edir ki, güclü etik mədəniyyət ən yaxşı istedadları cəlb etmək və saxlamaq üçün də çox vacibdir.

Nəzərə almaq lazımdır ki, etika, sadəcə, qanuna riayət etməkdən daha geniş anlayışdır. Bütün etik olmayan təcrübələr qanunla cinayət olaraq təsnif edilmir. Bütün cinayətlər adətən etik olmayan olsa da, bütün etik olmayan hallar qanunla cəzalandırılan cinayətlərə daxil edilmir.

Mühasibatlıq və auditdə etik olmayan təcrübələr, kiçik mühasibatlıq və maliyyə sənədlərindən tutmuş, investorlara və digərlərinə külli miqdarda ziyana səbəb olan böyük fırıldaqlara qədər müxtəlifdir.

Araşdırmalar göstərir ki, etik kodeksin ən mühüm elementlərindən olan müstəqilliklə bağlı nöqsanlar həm ictimai etimadı, həm də peşəkar nüfuzu ciddi şəkildə poza bilər.

Mühasibatlıq və audit üçün sadəcə qanuna əməl etmək kifayət deyil, ictimai etimad pozularsa, bu, yetərli sayılmır.

Ən əsası odur ki, hətta süni intellekt də etik qaydada istifadə edildikdə, Mühasibat və audit xidmətinin səmərəliyini artırır və daha böyük dəyər yaratmaq üçün yeni imkanlar açır.

Heç də təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadənin təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi zəruri hesab edilmişdir.

Süni intellekt və kadr problemi

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışında cənab İlham Əliyev qeyd etmişdir: “Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir” və təmamilə haqlı olaraq göstərmişdir ki, “Biz öz təhsil sistemimizdə bu sahayə daha böyük diqqət göstərməliyik”.

Məsələ ondadır ki, süni intellekt texnologiyaları ənənəvi audit bacarıqlarından daha fərqlidir. Mühasibatlıq və auditin süni intellektin alətlərindən istifadə etməsi üçün təlimə və yeni bacarıqların mənimsənilməsinə böyük ehtiyac var. Buna görə də təhsil çərçivəmiz və təlim sistemlərimiz süni intellektin artan tətbiqinə uyğun şəkildə inkişaf etməlidir.

Belə bir qəti fikir yürütmək olar ki, süni intellekt peşəmizi mütləq transformasiya edəcək və onu gücləndirəcək.

Başqa sözlə, rəqəmsallaşma və avtomatlaşdırma işimizi yenidən formalaşdıracaq və sürətləndirəcək, mühasiblər və auditorlar etimad, etik və ictimai marağa bağlılığımız bu keçidin mərkəzində qalacaq. Peşəkar mühasiblər və auditorlar yalnız dəyişikliklərə reaksiya verməyəcək, onlar təşkilatları, rəhbərliyi və iqtisadiyyatı bu prosesdə istiqamətləndirəcəklər. Təhsil sistemimiz innovativ, etibarlı və rəqəmsal dövrü formalaşdırmağa qadir mütəxəssislər hazırlamağı hədəfləməli və təmin etməlidir. Praktik mühasibatlıq və audit işə davamlı olaraq rəqəmsallaşma, qabaqcıl texnologiyalar, data analitikası, süni intellekt prinsipləri və risk sahələrində öz bilik və bacarıqlarını təkmilləşdirməlidirlər. Peşəkar mühasibat təşkilatları və Auditorlar Palatası təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməli, təhsil prosesini və bütövlükdə kurrikulumu son texnoloji inkişaflara uyğun yeniləməli və optimallaşdırmalıdır.

(ardı var)

 

Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor



Sosial həyat