İlham Əliyevin Ermənistan siyasəti və Cənubi Qafqazda yeni düzən

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqların mühüm mərhələsi kimi qiymətləndirilməlidir". 

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib. "Bu görüş təkcə Bakı ilə İrəvan arasında normallaşma prosesinin növbəti diplomatik epizodu deyil, eyni zamanda İlham Əliyevin post-münaqişə dövrü üçün qurduğu genişmiqyaslı regional strategiyanın tərkib hissəsidir. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası fonunda baş tutan bu görüş göstərir ki, Azərbaycan artıq regional proseslərə uyğunlaşan deyil, bu proseslərin istiqamətini müəyyən edən əsas aktora çevrilib. Görüşün məhz Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi Prezident İlham Əliyevin diplomatik zəkasının və strateji uzaqgörənliyinin daha bir nümunəsidir. BƏƏ bu gün qlobal siyasətdə neytral, etibarlı və balanslı diplomatik platforma kimi qəbul olunur. Azərbaycan üçün Əbu-Dabi Qərb, İslam dünyası və Asiya arasında strateji körpü rolunu oynayır. Ermənistan üçün isə bu məkan Rusiyanın birbaşa təsirindən kənar, lakin beynəlxalq legitimliyə malik təhlükəsiz siyasi mühitdir. İlham Əliyevin bu məkanı seçməsi onun regional psixologiyanı və beynəlxalq güc balansını nə qədər incə hesabladığını göstərir. Görüş zamanı vurğulanan əsas məqamlardan biri Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin başlaması, Azərbaycanın Ermənistana neft məhsulları ixracının davam etməsi və üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsidir. Bu addımlar sadəcə iqtisadi əməkdaşlıq deyil, dərin siyasi və strateji məna daşıyır. Azərbaycan enerji və nəqliyyat imkanlarını regional sabitliyin əsas alətlərindən birinə çevirərək Ermənistana açıq mesaj verir: Cənubi Qafqazda iqtisadi inteqrasiya və inkişaf yalnız Bakı ilə konstruktiv münasibətlər əsasında mümkündür. Azərbaycanın Ermənistana neft məhsulları ixracı Bakının diplomatik üstünlüyünü daha da möhkəmləndirir. Ermənistan faktiki olaraq enerji və logistika baxımından Azərbaycanın nəzarət etdiyi marşrutlara bağlanır. Bu isə münaqişəyə qayıdışın Ermənistan üçün həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə baha olacağını göstərir. İlham Əliyev bununla sərt gücdən sonra yumşaq gücü də ustalıqla işə salır və qalib dövlətin məsuliyyətli davranış modelini beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Bu prosesdə Türkiyə faktoru xüsusi yer tutur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin strateji müttəfiqliyi Cənubi Qafqazda yeni siyasi düzənin əsas dayaqlarından biridir. Bakı-Ankara tandemi regionda qarşıdurmaya əsaslanan köhnə təhlükəsizlik modelini dağıdaraq onun yerinə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri üzərində qurulan yeni bir regional nizam formalaşdırır. Ermənistan üçün bu mesaj açıqdır: Azərbaycanla sülh Türkiyə ilə normallaşmanın açarıdır və bu reallıq artıq dəyişməz xarakter alıb. Nikol Paşinyanın Azərbaycan və Türkiyə siyasətində müşahidə olunan yumşalma isə geosiyasi reallığın qəbul edilməsinin nəticəsidir. Ermənistan cəmiyyəti uzun illər davam edən blokada və qarşıdurma siyasətinin ölkəni iqtisadi və sosial böhrana sürüklədiyini artıq açıq şəkildə görür. Sülh prosesi yalnız imzalanan sənədlərlə deyil, həmin sənədləri icra edə biləcək siyasi iradə ilə mümkündür. Paşinyan başa düşməlidir ki, Bakı və Ankara ilə qurulan sülh Ermənistanın suverenliyinə təhlükə deyil, əksinə onun uzunmüddətli təhlükəsizliyinin və inkişafının yeganə real təminatıdır. Türkiyə–Azərbaycan ortaq sülh modeli Ermənistan üçün artıq konkret və ölçülə bilən faydalar vəd edir.

Açılan sərhədlər, bərpa olunan yollar, regional bazarlara çıxış, daha ucuz enerji resursları və investisiya imkanları Ermənistan iqtisadiyyatını uzun illərdən sonra real inkişaf trayektoriyasına çıxara bilər. Eyni zamanda bu model Cənubi Qafqazı böyük güclərin rəqabət meydanından regional əməkdaşlıq və sabitlik zonasına çevirmək potensialına malikdir. Prezident İlham Əliyevin gələcək siyasi xətti artıq aydın görünür. O, Qarabağ müharibəsində əldə edilən qələbəni hüquqi, siyasi və iqtisadi mexanizmlərlə möhkəmləndirərək Azərbaycanın regional liderliyini institusionallaşdırır. Enerji diplomatiyası, nəqliyyat layihələri, Türkiyə ilə strateji müttəfiqlik və balanslı xarici siyasət bu xəttin əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyev yalnız bu günü deyil, Cənubi Qafqazın gələcək onilliklərini hesablayan dövlət adamı kimi çıxış edir. Əbu-Dabidə baş tutan görüş bir daha göstərdi ki, Cənubi Qafqazda sülh artıq abstrakt ideya deyil, konkret siyasi layihədir. Bu layihənin əsas müəllifi və aparıcı qüvvəsi Azərbaycandır. Ermənistan isə bu yeni düzəndə ya konstruktiv tərəfdaş olacaq, ya da regionun formalaşan siyasi və iqtisadi xəritəsindən kənarda qalacaq. Mövcud reallıqlar isə göstərir ki, sülhün yolu Bakının müəyyən etdiyi strateji xətt üzərindən keçir",-deyə S.Karakılıç əlavə edib.

Siyasət