Danatar Ovezovun ürəkoxşayan mahnıları

post-img

Türk xalqlarını bir-birilə yaxınlaşdıran, bir-birinə doğma edən mühüm vasitələrdən biri də musiqidir. Yaxşı haldır ki, son illər xalqlarımız bir-birilərinin həm milli, həm də klassik musiqiləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. 

Bu günlərdə Maya Kuliyeva adına Türkmən Milli Konservatoriyasının ­kitabxanasında görkəmli türkmən bəstəkarı Danatar Ovezovun anadan olmasının 115-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Türkmənistan Mədəniyyət Nazirliyinin saytı xəbər verib ki, görüş çərçivəsində bəstəkarın yaradıcılığına və çap olunmuş musiqisinə dair kitabların sərgisi təşkil olunub. Görüşdə alim və tədqiqatçılar Danatar Övəzoun mənalı yaradıcılıq yolundan, sənət aləmindəki böyük uğurlarından danışıblar.

Qeyd edək ki, Danatar Ovezov 1911-ci il yanvarın 1-də Marı vilayətinin Vəkilbazar rayonunun Mülk-Yusup kəndində anadan olub. Onun musiqiləri janr müxtəlifliyi, aydınlığı, musiqi dilinin orijinallığı ilə seçilir. Bəstəkarın yaradıcılığında vokal musiqisi mühüm yer tutur. D.Ovezov 4 operanın, 150-dən çox mahnı və romansın müəllifidir.

Onların arasında Q. Seyitliyevin şeirləri əsasında hazırlanmış “Təzəgül”, “Aşqabad”, “Xallı gözəl”, “Qızlar” kompozisiyaları, Məhtimqulu Fəraqinin “Həlimə”, “Bu dərdi”; G.Burunovun “Yox, yox”, “Aynabənd”, B.Caparovun “Keyfim kök”, “O qız mənə baxmadı”, “Dostluq” və s. tanınmış şairlərin şeirlərinə bəstələnmiş lirik mahnılar dillər zəbəridir.

Danatar Ovezov 1961-ci ildə bəstəkar “Türkmənistanın xalq artisti” adına layiq görülüb. Ölümündən sonra ­Məhtimqulu Fəraqi adına Dövlət Mükafatı laureatı olub.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat