Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən amnistiya cəmiyyətimizdə bir hüquqi akt olaraq qəbul görməklə yanaşı, eyni zamanda dərin ictimai və mənəvi anlam daşıyan bir hadisə kimi dəyərləndirilməkdədir. Bu nəcib təşəbbüs göstərir ki, dövlət ədaləti yalnız cəza mexanizmi üzərində görmür, insanın islah olunması və cəmiyyətə yenidən qazandırılması prinsipi üzərindən düşünür.
Bəli, amnistiya hüquqi baxımdan normativ sənəddir, lakin onun təsir dairəsi məhkəmə zallarından xeyli qırağa çıxır. Bu addım hüquq sisteminin canlı və humanist mahiyyətini nümayiş etdirir: qanun yalnız sərt çərçivə kimi səciyyələndirilmir, eyni zamanda, haqlı olaraq sosial tarazlıq yaradan mexanizm səciyyəsi, səviyyəsi qazanır. Dövlət bu qərarla cəmiyyətə açıq ismarıc verir hüquq ədalətin bərpa vasitəsidir.
Bu gün cəmiyyətimiz yeni tarixi mərhələdən keçir. Suverenliyin tam bərpası, konstitusion dəyərlərin möhkəmləndirilməsi və vətəndaş-dövlət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulması fonunda amnistiya xüsusi anlam daşıyır. Bu, keçmişə baxaraq hökm verməkdən daha üstün gələcəyi nəzərə alaraq seçim etməkdir.
Amnistiya eyni zamanda cəmiyyət üçün məsuliyyət çağırışıdır, əlbəttə. Əlbəttə, azadlığa çıxan insanların yenidən sosial həyata uyğunlaşması təkcə dövlət institutlarının yox, ictimai birliklərin, ailələrin və bütövlükdə toplumun ortaq vəzifəsidir. Bağışlama mədəniyyəti hüquqi aktla başlayır, lakin onun davamı ictimai davranışla formalaşır.
Bir vətəndaş cəmiyyəti institutu olaraq biz hesab edirik ki, bu nəcib təşəbbüs və onun əsasında qəbul ediləcək qərar hüquqi maarifləndirmə baxımından da önəmli presedentdir. Amnistiya insanlara azadlıqla birgə, həm də məsuliyyəti xatırladır: qanunun verdiyi fürsət düzgün seçimlərlə doğruldulmalıdır. Hüququn humanist ruhu məhz burada özünü göstərir.
Azərbaycan modeli bir daha sübut edir ki, güclü dövlət anlayışı təkcə iqtisadi göstəricilərlə və siyasi çəkisi ilə ölçülmür. Bu modelin əsas göstəricisi insanın dəyərini qorumaq, ona yenidən başlamaq imkanı vermək iradəsidir. Dövlət bu imkanı yaradır, cəmiyyət isə onun nəticəsini formalaşdırır.
Ümumən amnistiya yetkin dövlət ağlı, dövlət nəzakəti və humanizm prinsiplərinin yüksək təcəllasını göstərir. Bu yetkinlik, sinxronluq və səciyyəlilik isə çağdaş Azərbaycanın ən önəmli üstünlüklərindən biridir.
Arzu Bağırova
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri

