Tovuzda peşə festivalı

post-img

Tovuz şəhərinin mərkəzində gənclərin peşə təhsilinə marağının artırılması, onların əmək bazarının tələblərinə uyğun yönləndirilməsi və maarifləndirilməsi məqsədilə növbəti dəfə “PeşəFest-2025” festivalı keçirildi. Festival təkcə yerli ictimaiyyətin deyil, həmçinin ətraf rayonlardan gələn qonaqların da böyük marağına səbəb oldu.

Tədbirin açılışında çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə təhsilinin region üçün strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, ölkədə bu sahəyə olan diqqət hər il artmaqdadır. O qeyd etdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Peşə təhsilinin müasirləşdirilməsi, onun gənclər üçün cəlbedici və perspektivli sahəyə çevrilməsi dövlətin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir.

Milli Məclisin deputatı Nizami Səfərov və Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev də çıxış edərək “PeşəFest-2025”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən genişmiqyaslı karyerayönümlü layihə olduğunu vurğuladılar. Onlar gəncləri müasir iqtisadiyyatın tələb etdiyi bacarıqlarla silahlanmağa, innovativ peşələrə yiyələnməyə, özünü daimi inkişafda görməyə səslədilər. Peşə təhsilinin sadəcə bir iş imkanı deyil, həm də sabit gələcək və sosial rifahın təməli olduğu bir daha diqqətə çatdırıldı.

Rəsmi çıxışlardan sonra festival çərçivəsində quraşdırılmış stendlərə baxış keçirildi. Kibertəhlükəsizlikdən tutmuş data analitikaya, xilasedicilikdən qənnadıçılığa, avtomobil təmirindən turizm təşkilatçılığına qədər 14 müxtəlif peşə istiqamətində təqdim olunan interaktiv zonalar, “master-klaslar” və canlı təqdimatlar gənclərin böyük marağına səbəb oldu. Peşəkarlar öz sahələrinə dair ətraflı məlumat verərək gəncləri maraqlandıran sualları cavablandırdılar, onlara faydalı tövsiyələr verdilər.

Festivalın ən diqqətçəkən tərəfi isə müxtəlif sahələr üzrə təşkil olunmuş maarifləndirici məkanlar oldu. Burada müxtəlif peşələrin mahiyyəti, tətbiq sahələri, gələcək perspektivləri barədə əyani məlumatlar verildi. Bu isə gənclərə nəinki peşələri tanıtmaq, həm də onların real iş mühitini hiss etdirmək baxımından olduqca önəmli idi.

Tədbirin sonunda keçirilən geniş konsert proqramı isə festivalın ümumi ab-havasını tamamladı, gənclər üçün əyləncə və enerji dolu anlar yaşatdı.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat