“Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda konfrans

post-img

İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda konfrans təşkil edilib.

İştirakçılar əvvəlcə Ulu öndərin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.

Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli liderin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, perspektivləri, eyni zamanda, medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb. O, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu öndərin əvəzsiz rolu barədə danışıb.

Ə.İsmayılov qeyd edib ki, Prezidentin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində Qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib.

Konfrans çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə “Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiya təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, demokratik dünyanın və demokratik düşüncəyə sahib insanların kəşf etdikləri, arxasında dayandıqları və inkişafına töhfə verdikləri ən vacib sahələrdən biri də mətbuatdır. Bu sahədə əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir.

Noyabr ayında çox vacib bir tarixin - böyük Qələbənin beş illiyinin qeyd olunacağını diqqətə çatdıran TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Medianın İnkişafı Agentliyinin rəhbərliyinə müraciət edərək həmin ərəfədə Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsi təklifini irəli sürüb.

Panel sessiyada çıxış edən YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu öndərin dövlətçilik tariximizdəki əvəzsiz rolundan danışıb.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov bu gün ölkəmizdə, sözün əsl mənasında, güclü və nüfuzlu mətbuatın mövcud olduğunu vurğulayıb. Deputat qeyd edib ki, media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib.

Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev təkcə jurnalistikaya deyil, ümumiyyətlə, bütün sahələrdə görülən işlərə xüsusi önəm verirdi.

Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə təşkil olunan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər.

XQ





Sosial həyat