Milli Məclisin növbəti plenar iclası

post-img

İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Parlamentin sədri iclasda 15 məsələnin müzakirə ediləcəyini və gündəliyin ilk 10 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Birinci məsələ – “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Layihə üçüncü oxunuşda qəbul edilib.

Sonra o, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi barədə məlumat verib. Layihə üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri növbəti 2 məsələnin Prezidentin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda, Əli Hüseynli “Polis haqqında” Qanunda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim ediblər. Layihələr müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.

S.Qafarova gündəliyin son 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.

Növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Komitə sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" qanun layihəsini təqdim edib.

Növbəti məsələ olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Əli Hüseynli, həmçinin Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Əli Hüseynli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb. Layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

XQ



Son xəbərlər