Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman kompleksində “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, bir qrup ictimai fəal, məktəbəqədər və ümumtəhsil müəssisələrinin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə onları təbrik edib və dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir.
Respublikamızın hər yerində olduğu kimi Goranboyda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir.
Tədbirdə istedadlı uşaqların ifasında konsert proqramları, əl işləri, rəsm sərgisi, rəqslər və müxtəlif idman növlərinə dair idman nümunələri nümayiş etdirilib, təhsildə fərqlənən məktəblilər İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri