Krasnoyarskda Müstəqillik Gününə həsr olunan konsert keçirilib

post-img

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının Müstəqillik Gününə həsr olunan “Azərbaycana səyahət” adlı hesabat konserti baş tutub.

A.N.Kuznetsov adına Əmək və Həmrəylik Sarayında keçirilən tədbirdə sarayın baş direktoru Konstantin Qonçarov və Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev iştirakçıları bayram münasibətilə təbrik edib, ansamblın fəaliyyətini yüksək qiymətləndiriblər.

Komitədən aldığımız məlumata görə, konsert zamanı “Odlar Yurdu” ansamblının məzunlarına kursu bitirmələri münasibətilə diplomlar təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin “Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi” İctimai Birliyinin sədri, tanınmış jurnalist və ictimai xadim Fuad Hüseynzadənin “Böyük Qələbənin varisləri” adlı kitabının təqdimatı keçirilib. İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan kitabda Azərbaycan xalqının bu qələbəyə verdiyi töhfələrdən, eləcə də müharibə qəhrəmanlarının xaricdə yaşayan varislərinin həyat və fəaliyyətindən bəhs edilir. Onların sırasında Krasnoyarsk diyarında yaşayan Azər Mustafayev və Telman Tamoyevin də adları çəkilir.

Tədbirdə Krasnoyarsk diyarı qubernatorunun İctimai əlaqələr idarəsinin nümayəndəsi Soslan Tadtayev jurnalist Fuad Hüseynzadəyə qubernator administrasiyası adından təşəkkür məktubu təqdim edib.

Eyni zamanda, Fuad Hüseynzadə Əmək və Həmrəylik Sarayının 45 illik yubileyi münasibətilə direktor Konstantin Qonçarova təbrik məktubu təqdim edib. Azərbaycan mədəniyyətinin Rusiyada təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində göstərilən dəstəyə görə ona təşəkkürünü bildirib.









Sosial həyat