Ankarada Heydər Əliyevə həsr olunmuş panel müzakirələri keçirilib

post-img

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyi münasibətilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV)  işlər müdiri Əvəz Səfərovun XQ-yə verdiyi məlumatda bildirilir ki, TADİV-in və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı keçirilən tədbirdə Türkiyə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Türkiyə Böyük Millət Məslisinin deputatları, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının Ankaradakı səfirləri, sabiq diplomatlar, SOCAR və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

TADİV rəhbəri professor Aygün Attar və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışları edərək Azərbaycan xalqının ümummilli lideri Heyddər Əliyevin Azərbaycan tarixindəki danılmaz rolundan danışıb, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrünün Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu, dahi şəxsiyyətin, sadəcə, Azərbaycana deyil, bütün türk xalqlarına xidmət etdiyini vurğulayıblar.

Panel müzakirələrdə çıxış edən  Türkmənistan, Qırğızstan, Qazaxıstan və Şimali KiprTürk Respublikasının Ankaradakı səfirləri, Türkiyə XİN nümayəndəsi Ayşə Üzər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və digərləri bütün ömrünü doğma xalqına həsr edən Heydər Əliyevi dövrünün dahi lideri və siyasət ustası adlandırıb, onun uzaqgörən siyasətindən, Türk dövlətləri ilə münasibətlərə verdiyini xüsusi önəmdən danışıblar.

Panel müzakirələri jurnalist Aysel Sadak İltaşın qələmə aldığı “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı ilə yekunlaşıb.

XQ

 

 



Sosial həyat