Süni intellekt indi jurnalistlik də edə bilir

post-img

Günümüzdə süni intellektin sürətli inkişafı onun bir çox sahələrdə geniş istifadə edilməsinə imkanlar yaradır. Hazırda təhsildən səhiyyəyə, nəqliyyatdan sənayeyə qədər bir çox sahələrdə geniş istifadə olunan süni intellekt jurnalistikaya da nüfuz etməyə başlayıb. Artıq jurnalistikanın bir çox sahələrində süni intellektdən istifadənin kifayət qədər nümunələri mövcuddur. Məsələn, araşdırma jurnalistikasında müntəzəm olaraq böyük məlumat bazalarının təhlil olunmasına ehtiyac yaranır, ancaq bu məlumatların ənənəvi üsullarla təhlil edilməsi zamanı bir qədər çətinliklər yaranır.

Belə ki, axtardığın məlumatları əldə etmək həm vaxt itkisinə səbəb olur, həm də istədiyin mənbəni tapmaq, yaxud əldə etmək müşkülə çevrilir. Ancaq minlərlə sənəd və məlumatın süni intellekt vasitəsilə analiz olunması müxtəlif tədqiqat istiqamətləri üzrə gizli faktların üzə çıxarılması prosesini sürətləndirir.

Süni intellektin ən praktik tətbiq sahələrindən biri də audio və video materialların avtomatik transkripsiyasının yaradılmasıdır. Bu texnologiya müsahibələrin, çıxışların və digər danışıq materialların yazılı mətndə əks etdirilməsini çox sürətli və dəqiq şəkildə təmin edir. Əvvəllər bu proses saatlarla vaxt aparır, jurnalistləri bütün audiomaterialları dinləyərək onu əllə yazılı mətnə çevirmək məcburiyyəti qarşısında qoyurdu. Ancaq süni intellekt alətləri bu prosesi avtomatlaşdıraraq jurnalistlərin işini xeyli asanlaşdırır, onlara vaxtlarına qənaət etmək imkanı yaradır, eləcə də daha böyük informasiya bazalarına əlçatanlığı yaxşılaşdırır.

Müasir dövrdəki informasiya bolluğu və xəbərlərin sürətlə yayılması “feyk” xəbərlərin də ictimaiyyətə tez bir zamanda nüfuz etməsinə səbəb olur və bu, cəmiyyət üçün ciddi risklər yaradır. Elə bu problemin həllində də süni intellekt texnologiyalarından istifadə səmərəli nəticələr verir. Məsələn, xəbər mətnindəki mənbələrin təhlil edilməsində, “deepfake” və ya manipulyasiya edilmiş vizual materialların aşkar olunmasında süni intellektdən istifadə ictimaiyyətə doğru və şəffaf informasiya çatdırmaq imkanlarını genişləndirir.

Vizual jurnalistikada da süni intellektin imkanlarından istifadə edilərək şəkil və videolardan məlumat çıxarıb təhlil edilir, daha sonra arxivləşdirilir. Bu prosesin mərkəzində şəkil tanıma texnologiyası durur. Tanınmış obyekt və ya şəxslər avtomatik olaraq etiketlənir. Məsələn, “Prezident”, “bina”, “tədbir”, “cəngəllik” kimi açar sözlərlə vizual materiallar axtarılır və təsnif olunur. Xüsusilə də böyük media qurumları (məsələn, CNN, BBC) yüz minlərlə saatlıq video və foto arxivlərini süni intellekt alətləri ilə təsnif edir və kateqoriyalara ayırır. Bu, illər əvvəl çəkilmiş bir hadisəni saniyələr içində tapmağı mümkün edir.

Ancaq onu da qeyd etmək lazımdır ki, süni intellektin jurnalistikaya mümkün mənfi təsiri geniş şəkildə müzakirə olunur. Belə ki, bəzi ekspertlər onun jurnalistlərin işini əvəz edə biləcəyindən narahatdırlar. Lakin bütün bu risklərə baxmayaraq, düzgün şəkildə istifadə edildikdə süni intellekt jurnalistikaya əngəl deyil, əksinə, böyük bir dəstəkdir. O, jurnalistlərin işini asanlaşdırır, vaxta qənaət imkanı yaradır, araşdırma imkanlarını genişləndirir və informasiya keyfiyyətini artırır. Yəni süni intellekt jurnalistləri əvəz etmir, əksinə, onları gücləndirir. Beləliklə, insan təfəkkürünün dominantlığının, eləcə də etik dəyərlərin və jurnalistikanın əsas prinsiplərinin qorunması şərtilə bu texnologiya media dünyasında yeni bir dövrün başlanğıcıdır.

Süni intellektin potensialından maksimum yararlanmaq və riskləri minimuma endirmək üçün media orqanları, jurnalistlər, texnoloqlar və tənzimləyici qurumlar arasında sıx əməkdaşlıq zəruridir. Jurnalistikanın əsas dəyərləri – dəqiqlik, obyektivlik, etibarlılıq və ictimai məsuliyyət süni intellekt texnologiyalarının tətbiqi zamanı da qorunmalı və daha da gücləndirilməlidir. Süni intellekt artıq jurnalistikanın ayrılmaz bir hissəsinə çevrilir, lakin bu transformasiyanın etik prinsiplərə və peşəkar standartlara sadiq qalaraq həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Xədicə ƏLİYEVA,
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

Sosial həyat