Şuşa şəhərinin Qarabağ küçəsində müxtəlif təyinatlı 10 binanın inşası aparılır - FOTOLAR

post-img

Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır.

Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, inşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin sifarişi ilə tikilən iki bina da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

V.Məhərrəmov qeyd edib ki, Qarabağ küçəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sifarişi ilə inşa olunan binanın birinci və ikinci mərtəbəsində yerləşən iaşə obyektində qədim Qarabağın unudulmuş milli mətbəxi təqdim ediləcək. Bu da Şuşaya səfər edən qonaqların marağına səbəb olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar.







































Sosial həyat