Azərbaycan qadını hər zaman qəhrəmanlıq mücəssəməsi olub

post-img

Parlaq zəkası, yüksək insanlıq keyfiyyətləri ilə seçilən Azərbaycan qadını hər zaman  dünyaya örnək olub. Şərəfli tariximizdə özünəməxsus yeri olan qadınlarımız mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və təbliğində müstəsna xidmətlər göstərərək ən çətin dönəmlərdə kişilərimizlə çiyin-çiyinə dayanaraq xalqımızın milli problemlərinin həllinə töhfələrini veriblər. Tariximizin bütün dövrlərində istər idarəçilikdə, istər ictimai məsələlərdə, istərsə də ailə-məişət üçbucağında fədakarlıqları ilə müqəddəslik simvolu kimi nümunə sərgiləyiblər. Ona görə də, iftixarla qeyd etmək olar ki, şərəfli keçmişi olan Azərbaycan qadını zamanın sınağından ləyaqətlə çıxmağı bacarıb. Azərbaycan qadını təkcə cəmiyyət üçün faydalı övlad böyütməyib, eyni zamanda silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb, siyasi və dövlət quruculuğu sahəsində fəal iştirak edib. Xalq ədəbiyyatımızda, qədim yazılı abidələrimizdə qadınlarımızın tarixi, onların keçdiyi ağır və şərəfli yolu qeyd olunanların təsdiqidir.  

Təsadüfi deyil ki, “Kitabi Dədə Qorqud" dastanımızda qadınlarımız evin qoruyucusu, sərkərdənin ən yüksək dayağı kimi təqdim olunur. Çünki Azərbaycan qadını hər zaman qəhrəmanlıq mücəssəməsi olub.

Əbəs yerə Ümummilli lider Heydər Əliyev qadın siyasətinə dövlətin mühüm və prioritet vəzifəsi kimi baxmırdı. Ulu Öndər bütün fəaliyyəti dövründə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır, onlara sonsuz diqqət və qayğı göstərirdi. Böyük liderin 1995-ci ildə imzalanmış son dərəcə mütərəqqi olan fərmanına uyğun olaraq Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu. Məlumat üçün qeyd etmək yerinə düşər ki, dünyada  inkişaf etmiş elə ölkələr var ki, bu konvensiyaya qoşulmayıblar. Bununla yanaşı Ulu öndər tərəfindən ölkəmizdə qadınların mövcud problemlərinin dövlət səviyyəsində həlli məqsədilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsi alqışla qarşılandı. Ümummilli lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların fəaliyyətinə geniş meydan verirdi.

Ulu öndərin gərgin zəhməti hesabına ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin fundamental əsasları quruldu və bunun nəticəsi olaraq dünya eyni zamanda Azərbaycanı həm də lider qadınlar ölkəsi kimi tanımağa başladı. Sonrakı illərdə Prezident İlham Əliyev xalqımızın Ümummilli liderinin başladığı bu siyasətin mükəmməl nümunəsini yaratdı.

Prezident İlham Əliyev çox gözəl bilirdi ki, “Güclü Azərbaycan” modelinin inkişafında, yeni innovativ tərəqqinin yaranmasında Azərbaycan qadınının rolu əvəzsizdir. Prezidentin bildirdiyi kimi, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanılmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır.
Məhz bu baxımdan dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə ölkəmizdə qadın hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymağa başladı. Ölkəmizdə siyasi, mədəni idarəetmə strategiyasının tərkib hissəsi olan Birinci vitse-prezidentlik institutunun yaradılması təqdirəlayiq hal oldu. Eyni zamanda, ölkə başçısının müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın bu posta təyin edilməsi dövlətimizin bütövlükdə Azərbaycan qadınlarına göstərdiyi yüksək etimad idi.

Fəaliyyəti ilə örnək olan Mehriban xanım Əliyeva xalq adına gördüyü işlərlə təkcə ölkəmizdə fenomenə çevrilmədi, eyni zamanda Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsininin əsasını qoydu. Həm idarəetmədə, həm də ictimai platformalarda qadınların rolunun artmasına şərait yaratdı. Mərhəmət, xeyirxahlıq kimi nəcib keyfiyyətləri ilə sevgi ünvanına çevrilən Birinci vitse-prezident Azərbaycanın zəngin mədəniyyətini dünyaya təqdim etməklə ölkəmizin adına ciddi işlər görməyə başladı. Məhz bu baxımdan Mehriban xanımın çoxşaxəli fəaliyyətinin nəticəsi kimi Azərbaycan beynəlxalq arenada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır və təqdir olunur.

Mehriban xanım Əliyevanın timsalında qadınlarımızın Azərbaycan adına gördüyü işlər fərəh doğurur.  

Ölkənin inkişafında mühüm rol oynayan, bizə zəfər yaşadan qəhrəman şəhid qardaşlarımızı, qazilərimizi dünyaya gətirən, cəmiyyət üçün layiqli övlad yetişdirən Azərbaycan qadını bəşəriyyət üçün nümunədir. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin Vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq.

Bu gün süverinliyini, ərazi bütövlüyünü tam təmin etmiş ölkəmiz həyatının ən qüdrətli, xoşbəxt günlərini yaşayır. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad olunmasında, Vətənin bütövləşməsində müqəddəs qadınlarımızın əməyi yüksəkdir.

Çünki tarixi qələbəmizlə nəticələnən istər 44 günlük Vətən müharibəsində, istərsə də lokal xarakterli antiterror tədbirlərində şəhid, qazi olmuş qəhrəmanları dünyaya gətirənlərin anası Azərbaycan qadınıdır!  Azərbaycan qadını ilə fəxr etmək, qürur duymaq təkcə vətəndaşlıq, övladlıq məsuliyyəti deyil, həm də borcdur.

Bayramınız mübarək, əziz qadınlarımız!

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Sosial həyat