Özbəkistanda “Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri" adlı rəsm müsabiqəsi və sərgi keçiriləcək

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında görüş keçirilib.

Görüşdə qeyd olunub ki, dövlət başçılarımız mədəniyyətin, xüsusilə təsviri və tətbiqi sənətin inkişafına böyük diqqət ayırırlar. Onların milli irsin qorunması, sənət adamlarının dəstəklənməsi və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı mühüm addımlar bu sahənin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, ötən il Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində açılan "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi qardaş ölkə ictimaiyyəti arasında böyük maraqla qarşılanıb. Sərgidə təqdim olunan qrafik əsərlər, xalçalar və digər əl işləri iştirakçılarda zəngin təəssürat yaradıb. Görüş zamanı iki ölkə arasında təsviri və tətbiqi sənət rəssamlarının qarşılıqlı sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkənin rəssamları arasında "Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri" adlı müsabiqənin keçirilməsi, bu əsərlərin sərgisinin açılışı, habelə ustad dərslərinin keçirilməsi təklifi Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd





Sosial həyat