ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 16 ölkədən 20-ə yaxın yüksək vəzifəli diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti haqqında məlumat verən Komitənin sədr müavini bildirib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Bildirib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli Birinci vitse-prezident Mehriban xanım Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara xüsusi qayğı və diqqət göstərir.
Mühazirədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdəndir və bu, regionun sabitliyinə mühüm töhfədir. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrinin icra edildiyi deyilib. Diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarını torpaqları minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını kobud şəkildə pozur.
Vurğulanıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri təxirəsalınmaz tədbirləri görməyi tələb edib və bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi artırmalıdır.
Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında re-inteqrasiyası üzrə də dünyaya yeni nümunəvi bir model təqdim edəcək.
Daha sonra Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edən “Bura mənim evimdir” filmi və işğaldan azad edilmiş ərazilərə qayıdışı əks etdirən vieo çarxlar nümayiş olunub, Böyük Qayıdışa dair nəşr olunmuş çap materialları iştirakçılara paylanılıb. Təqdim edilmiş materiallar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.