“Bəhruz Kəngərli işığında”

post-img

Professional rəngkarlığımızın unudulmaz nümayəndəsi Bəhruz Kəngərlinin Xatirə Muzeyində rəssamın anım gününə həsr olunmuş anım mərasimi keçirilib.

Muzeyin direktoru S.Əlincəli Bəhruz Kəngərlinin yaradıcılığından bəhs edib. O qeyd edib ki, milli rəssamlığımızın inkişafında özünəməxsus rol oynayan, Azərbaycanın təsviri sənətinə milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərli 1922-ci il fevral ayının 7-də 30 yaşında dünyaya vida edib. Dünyadan nakam getmiş rəssam özündən sonra xalqına dəyərli irs qoyub.

Həyatdan vaxtsız getmiş böyük sənətkarın yaradıcılığı ədəbiyyat və incəsənət nümayəndələrinin diqqətini cəlb etmiş, görkəmli rəssam haqqında şeirlər, nəsr və dram əsərləri yazılmışdır. Naxçıvana həsr olunmuş poetik nümunələrin bir çoxunda Bəhruz Kəngərlinin adı çəkilir, rəssamdan iftixarla bəhs edilir. Bəhruz Kəngərli portret və mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Sonra naxçıvanlı şairlərin çıxışları dinlənilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Elxan Yurdoğlu, Təranə Arifqızı, Sona Amal, Əzizə Həsənova, Rahilə Nuriyeva, Rəqsanə Tapdıqqızı, şairlər Dilbər Şahbuzlu, Süsən Əliqızı Bəhruz Kəngərliyə həsr olunmuş şeirlərini səsləndiriblər.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat