Akademik Milli Dram Teatrında Türkiyənin “DEVİN Media Akademi” film şirkətinin də iştirakı ilə mətbuat konfransı keçirildi.
Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək dedi:
- Bir millət, iki dövlət şüarından yola çıxaraq türk dünyasının film sahəsində qazanacağı uğurları naminə çalışırıq. Bu yolda bizi bir-birimizə daha sıx bağlayacaq və daha sürətlə yaxınlaşdıracaq ən güclü sahə mədəniyyətdir. Buna görə də, kino və teatrı inkişaf etdirmək və gücləndirmək üçün ciddi əməkdaşlığa ehtiyacımız var. Akademiya Azərbaycanda mədəniyyət sahəsində çalışmaq üçün ilk addımlarını atır. Aktyor kursları da yaradılıb. Bu gün gələcəyin gənc aktyorları olacaq gənclər bu kurslarda iştirak edir və aktyorluğun sirlərinə yiyələnirlər.
Sonra, “Devin Medya Akademi” nin direktoru Atila Uysal, nümayəndə heyətinin üzvü Recep Katı və akademiyanın vəkili Elşən Əliyev, polkovnik Abdulla Qurbani bu əməkdaşlığın hər iki dövlətin sənətə və sənətçiyə verdiyi dəyərin yüksək olduğunu qeyd edərək, layihənin tələbələrin sənət yolunu işıqlandırması və bu yolda hədəflərinə çatmasında önəmli rol oynadığını bildirdilər.
Xalq artisti Nurəddin Mehdixanlı XQ-yə müsahibə verdi:
- Bu, Türkiyənin “DEVİN” Media Akademiyası ilə mənim və polkovnik Abdulla Qurbaninin arasında imzalanmış bir əməkdaşlıq layihəsidir. Yaxın tarixdə baş verən hadisələr haqqında bədii nümunələrin yaradılması ilə bağlı olan bir işdir. Bu layihə, həmçinin türk dünyasının böyük mənada mənən və ruhən bir olmasına xidmət edir. Azərbaycan və Türkiyənin sənət adamları bu müqavilə əsasında daim əməkdaşlıq edəcəklər. İmzaladığımız müqavilə müddətsizdir. Qısa müddətdə ilk serialımızın istehsalına başlayacağıq. Yaxın tarixdə isə Zəfər tariximizlə əlaqədar çoxseriyalı iş görməyi planlaşdırırıq. Bu gün buna görə bir yerə yığışmışıq. Əsas məqsəd zəfərimizin qazanılmasında mənəvi haqqı olan qardaş ölkənin sənətçiləri ilə tariximizi əbdiləşdirək, gələcək nəsillərə səsimizi çatdırmaqdır. Sonda onu da qeyd edim ki, Vətən müharibəsinə həsr edilən serial “DEVİN” medianın öz imkanları hesabına baş tutacaq.
Fidan SALMANOVA
XQ