Azərbaycanda mühasibat uçotunun elektron formada aparılması ilə bağlı hüquqi tənzimləmələrin genişləndirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Mühasibat uçotu haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən bildirilib.
2023-cü il dekabrın 22-də qəbul olunmuş “Mühasibat uçotu haqqında” Qanunda edilən dəyişikliklərə əsasən yeni normativ tələblər müəyyənləşib. Qanuna əsasən, mühasibat uçotunu elektron formada aparmalı olan subyektlərin dairəsi genişləndirilib. Bu subyektlərə dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlarla tənzimlənən vergi ödəyiciləri daxildir.
Təklif olunan qanun layihəsinə uyğun olaraq, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması nəzərdə tutulur, həmçinin “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur. Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin məqsədlərini müəyyən edir. Bu sistem mühasibat uçotunu elektron formada aparan subyektlərə maliyyə hesabatlarını elektron qaydada təqdim etməyə, mühasibat uçotu ilə bağlı beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnlərinə və hüquqi aktların elektron versiyalarına çıxış əldə etməyə imkan yaradacaq. Bundan əlavə, sistem maarifləndirici məlumatlar və mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarına da çıxışı təmin edəcək.
Qanun layihəsinin tətbiqi mühasibat uçotu məlumatlarının operativliyini artırmaq, şəffaflığı təmin etmək, nəzarət mexanizmlərini optimallaşdırmaq və resurs istifadəsini daha effektiv təşkil etmək məqsədi daşıyır. Xüsusilə, büdcə təşkilatlarının uçot məlumatlarının müvafiq qurumlara daha operativ şəkildə təqdim edilməsi və idarə olunması üçün yeni imkanlar yaradılması planlaşdırılır.