Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ildə 37 milyon müraciət olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8,4 milyon dəfə istifadə edilib. 251 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2024-cü ildə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.