Qurum dövlətlərin “yaşıl keçid”ə 1,3 trilyon dollar ayırmasını hədəfə alıb
BMT-nin Baş katibi Antonio Quterreş yanvarın 15-də təşkilatın Baş Assambleyasında 2025-ci ilin qlobal prioritetləri ilə bağlı çıxışında ötən ilin noyabrında Azərbaycan paytaxtında keçirilmiş COP29-un maliyyə razılaşması ilə bağlı mövzuya da geniş toxunub.
Dünya birliyinin rəhbəri bildirib: “COP29-un maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatı ədalətli enerji keçidləri üçün dəstəyi səfərbər etməyə kömək edəcək. Biz karbon qiymətlərinin tətbiqinə və qalıq yanacaq subsidiyalarının dayandırılmasına kömək edəcəyik. İnkişaf etməkdə olan dünyada iqlim fəaliyyətini dəstəkləmək üçün ildə 1,3 trilyon dolları səfərbər etmək məqsədilə etibarlı yol xəritəsini çatdırmaq üçün COP29 və COP30 sədrliklərinin rəhbərliyini dəstəkləyəcəyik”.
Antonio Quterreş açıqlamasının davamında qeyd edib ki, yeni və innovativ maliyyə mənbələrinin tətbiqinə başlamağın, o cümlədən çirkləndiricilərin vurduğu zərərə görə məsuliyyət daşımağın vaxtıdır: “İnkişaf etmiş ölkələr bu il adaptasiya maliyyəsini ikiqat artıraraq, ən azı, 40 milyard dollara çatdırmaq vədlərini yerinə yetirməlidir. Paris Sazişindən əvvəl biz əsrin sonuna qədər temperaturun 4 dərəcə Selsidən yuxarı qalxması yolunda idik. Ancaq Parisdən bəri hər il istiləşmə artır və keçən il ilk dəfə 1,5 dərəcə Selsidən yuxarı qalxdı. Eyni zamanda, qarşımızda böyük imkanlar var. Bərpaolunan enerji inqilabı qarşısıalınmazdır və insanlar bundan faydalanacaqlar”.
Daha sonra bildirilib ki, bu il hər bir ölkə 1,5 dərəcə Selsi ilə uyğunlaşan yeni iqtisadiyyat üzrə milli iqlim fəaliyyət planları və ya milli olaraq müəyyən edilmiş töhfələr təqdim etməyi öhdəsinə götürdü: “Bu yeni planlar təmiz enerji dövrünün imkanlarını mənimsəmək şansını təmsil edir. Onlar bütün sektorları və bütün istixana qazlarını əhatə etməlidir. Mən hərəkətə keçmək üçün COP30-un ev sahibi, Braziliya Prezidenti Lula ilə sıx əməkdaşlıq edirəm. Birləşmiş Millətlər Təşkilatı sistemi 100-ə yaxın inkişaf etməkdə olan ölkəyə yeni milli iqlim fəaliyyət planlarını hazırlamağa kömək edir”.
BMT Baş katibinin sözlərinə görə, hazırda bəşəriyyətin üzləşdiyi ciddi problemlərdən 4-ü ən yaxşı halda gündəmin hər aspektini poza biləcək və ən pis halda mövcudluğumuza təhlükə yaradacaq təhdidləri təmsil etdiyinə görə fərqlənir: bunlar silahlı münaqişələr, geniş yayılmış bərabərsizliklər, dərin iqlim böhranı və nəzarətdən kənar texnologiyalardır. O, Fələstin–İsrail, Rusiya–Ukrayna, Somali, Suriya, Yəmən və digər yerlərdə münaqişə və müharibələrə tezliklə son qoyulmasının vacibliyini vurğulayıb, eyni zamanda, İranla bağlı gərginliyin dialoq yolu ilə həllinə, böyük güclər arasında ticari-iqtisadi problemlərin nizama salınmasına çağırıb.
Quterreş daha sonra vurğulayıb: “Münaqişələr çoxalır, daha dağınıq və ölümcül olur. Getdikcə dərinləşən geosiyasi parçalanmalar və inamsızlıq atəşə yağ tökür. Nüvə təhlükəsi son onilliklərin ən yüksək həddinə çatıb. İnsan hüquqlarının spektri davamlı hücuma məruz qalır. Cəzasızlıq endemikdir – beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin ardıcıl pozulması davam edir”.
T.RÜSTƏMLİ
XQ