Cəbrayıl sürətlə məskunlaşdırılır

post-img

Dünən paytaxtdan sürətlə dirçəldilən, yenidən tikilən   Cəbrayıl şəhərinə daha bir məcburi köçkün qrupu yola salınıb. Bir neçə saatdan sonra 153 nəfərdən ibarət 32 ailənin 33 illik həsrəti doğma yurda qovuşmaqla sona çatıb.
Köç böyük coşqu ilə qarşılanıb. Yeni məhəllədəki mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. 
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
ANAMA əməkdaşları sürətlə məskunlaşdırılan Cəbrayılın yeni sakinlərini də ərazinin mina və partlamamış sursat təhlükəsi barədə məlumatlandırıblar.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, xidməti vəzifələrini yerinə yetirən 30 mindən çox insan yaşayır.

R.TAHİR
XQ

Sosial həyat