Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 966:2024 “Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi. Ümumi tələblər” yeni dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, sözügedən dövlət standartının qəbul olunmasında məqsəd sosial xidmət və reabilitasiya müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, fərdi reabilitasiya tədbirlərinin təkmilləşdirilməsi, xidmətlərdən yararlananların ehtiyaclarının daha yaxşı qarşılanması, qida normalarının vahid tələblərə uyğunlaşdırılması və bu sahələrdə müasir yanaşmaların tətbiq edilməsindən ibarətdir.
Qeyd edək ki, yeni dövlət standartı “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.