Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

post-img

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən təsərrüfatlara dəyən zərərlər, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin sığortalanması və digər məsələlərlə bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.

Qəbuldan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri təsərrüfatlara baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.







Sosial həyat