Naxçıvanda yeni yollar salınır

post-img

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili və Darıdağ Arsenli Su Müalicə Mərkəzinin avtomobil yolları əsaslı təmir olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yollarda aparılan əsaslı təmir işləri ilə tanış olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov məlumat verib ki, 13,9 kilometrlik “Əshabi-Kəhf” yolu sökülərək torpaq və qum-çınqılla bərkidilib, genişləndirilib, qalın asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 11, asfalt hissəsinin eni isə 7,4 metrdir. Avtomobil yolunda 80 müvafiq yol nişanı və 600 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Culfa şəhərinin mərkəzi avtomobil yolu ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki,7,8 kilometrlik mərkəzi avtomobil yollarına ikiqat asfalt örtüyü salınıb. 910 ton yol keçidi və qapı ağızlarında asfalt-beton işləri aparılıb. 7-9 metr enində asfaltlanan yolda 52 müvafiq nişan quraşdırılıb, təhlükəsiz və rahat hərəkət təmin edilib. Sakinlər yollarda yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.

Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən avtomobil yoluna baxış zamanı məlumat verilib ki, yolun əsası bərkidilib, 3,5 kilometr məsafədə üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 10, asfalt hissəsinin eni isə 8 metrdir. Müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün 52 yol nişanı və 156 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

 

Sosial həyat