Azərbaycan nümayəndə heyəti Ər-Riyadda COP16 konfransında iştirak edir

post-img

Dekabrın 2-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb. Konfransın gündəliyinə torpaq deqredasiyası, quraqlıq və səhralaşma problemləri üzrə çoxtərəfli fəaliyyətlərə dəstək üçün zəngin tədbirlər proqramı daxildir. Tədbirdə bir sıra yüksək vəzifəli şəxslər, nazirlər, siyasətçilər, qlobal institutların, şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AZƏRTAC Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadla xəbər verir ki, dekabrın 13-dək davam edəcək konfrans çərçivəsində bir sıra forumların, mühüm görüşlərin keçiriləcəyi, eləcə də torpaq deqredasiyası və quraqlıqla bağlı aktual problemlərin həllinə yönəlmiş yeni tədbirlərin və təşəbbüslərin elan olunacağı gözlənilir.

Səudiyyə Ərəbistanının ətraf mühit, su və kənd təsərrüfatı naziri və BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının sədri Əbdülrəhman əl-Fazli bildirib ki, bu tədbirə ev sahibliyi etmək ölkənin ətraf mühitin qorunmasına milli, regional və qlobal səviyyədə göstərdiyi diqqətin davamıdır. Beynəlxalq hesabatlara görə, hər il 100 milyondan çox hektar əkin sahəsi, meşə və otlaq ərazisi deqradasiyaya uğrayır. Bu da dünya üzrə 3 milyarddan çox insanın həyatına təsir edir. Torpağın münbitsizləşməsindən yaranan illik itkilər 6 trilyon dollardan çox dəyərində qiymətləndirilir.

Nazir əlavə edib ki, Krallıq BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində işləri gücləndirməyə və səyləri artırmağa ümid edir. Əsas hədəf isə əsas ekoloji problemlərlə mübarizə aparmaq və digər beynəlxalq ekoloji razılaşmalar, xüsusilə də iqlim dəyişikliyi və bioloji müxtəlifliklə bağlı olan Rio Konvensiyaları arasında inteqrasiyanı gücləndirməkdir.

Eyni zamanda, tədbir çərçivəsində Səudiyyə Ərəbistanı quraqlıqla mübarizə üçün beynəlxalq səyləri sürətləndirmək və bu qlobal böhranı qabaqlayıcı şəkildə həll etmək üçün daha faydalı yanaşmanı təmin etmək məqsədilə Riyad Qlobal Quraqlıqla Mübarizə Təşəbbüsünü təqdim edəcək.

Quraqlıqla mübarizə qabiliyyətinin artırılmasına yönəlmiş müzakirələr COP16 Riyad Konfransının prioritetlərindən biridir.

Dekabrın 3-də qlobal su qıtlığı və əlaqəli problemlərin müzakirəsi üçün Ər-Riyadda yüksək səviyyəli “One Water” sammiti keçiriləcək. Bu sammit dünyada su resurslarının idarəsini təkmilləşdirmək üzrə tədbirlərin müzakirəsi məqsədini daşıyır.

Eyni zamanda dekabrın 2-də və 3-də Səudiyyə Ərəbistanının Yaşıl Təşəbbüsü Forumu keçiriləcək. Bu tədbirə dünyanın müxtəlif yerlərindən siyasətçilər, biznes liderləri və mütəxəssislər qatılacaq.

Dekabrın 6-8-də Yaşıl Zonada ikinci Beynəlxalq Meşəsalma Texnologiyaları Forumu keçiriləcək. Forum çərçivəsində qlobal ağacəkmə layihələrindən əldə edilmiş təcrübələr, mövcud problemlərin həlli yolları və yeniliklər müzakirə ediləcək.







Sosial həyat