“Heyrət, ey büt!”

post-img

Yaxud Cordano Brunonu külə çevirən şübhə

Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Böyük rus yazıçısı Vladimir Nabokov isə yazırdı ki, “qar arzulayan afrikalı dahidir”. Müəyyən mənada bu fikir Nitşenin əks-sədasıdır. O da belə fikirləşirdi ki, dahi o şəxsdir ki, naməlum, adı olmayan şeylər barədə düşünsün. Bizim bu gün işlətdiyimiz terminlər dahilər tərəfindən kəşf edilənə qədər mövcud olmayıb.

Heyrətin də mənasını bizə Fizuli babamız anladıb: “Heyrət ey büt, surətin gördükdə lal eylər məni”. Yəni heyrət insanı lal etmək gücündədir.

Psixoanalizin banisi Ziqmund Freyd “şüur” və “altşüur”, “eqo” və “kimlik”, Darvin isə “təbii seleksiya”, “növlərin mənşəyi” kimi terminləri yaradıblar. Onların hansısa fikirləri yanlış ola bilər, lakin onlar adi adamların doğru şərhlərindən daha mötəbər hesab olunur. Çünki o vaxta qədər heç kimin görmədiyi nəsnələri izah edirdilər.

A. Sent-Ekzüperinin “Balaca şahzadə” əsərində şahzadə qeyzlənərək deyirdi: “İnsanların təxəyyülü yoxdur. Onlar tutuquşu kimi yalnız deyilənləri təkrarlayırlar”. Əslində, bu əsər elə başdan-başa təxəyyül hadisəsidir. Nəticədə, dünya ədəbiyyatı belə bir əvəzsiz inciyə sahib oldu.

Litvalı professor Haim Şapira yazır ki, orijinal ideyaların bədəlini həyatı bahasına ödəyən insanlara ən gözəl nümunə Cordano Brunodur. O, Romada, Kampo dei Fioridə həmin günə qədər eşidilməmiş ideyalarını xalqa çatdırmağa cəsarət etdiyinə görə bir sütuna bağlanaraq yandırılmışdı. Cordano Bruno Yer kürəsinin kainatın mərkəzi olması fikri ilə razılaşmırdı. Əslində, onun fikrincə, kainatın, ümumiyyətlə, mərkəzi yoxdur. Bu düşüncə müasir yanaşmaya çox yaxındır. Gəlin unutmayaq ki, Bruno XVI əsrin ikinci yarısında yaşamışdı.

Cordano Bruno Aristotelin fikirlərinə şübhə ilə yanaşan ilk varlıq idi. O zamanlar Aristotelin kosmos nəzəriyyəsi və Ptolomeyin sistemi, demək olar ki, hər yerdə təkzibedilməz həqiqət kimi irəli sürülürdü. Yer kainatın sükunət halında olan mərkəzi hesab olunurdu. Elmi dairələrdə Aristotelin və Ptolomeyin tərəfdarlarının sözü keçirdi. Cordano Bruno isə hesab edirdi ki, mühüm elm sahələri öz tədqiqatçılarını gözlədiyi halda bacarıqlı adamlar öz vaxtlarını mənasız işlərə sərf edirlər, sxolastika sahəsində öz beyinlərini qurudub tükədirlər.

Aristotelin düşüncələri əsasında monastr məktəbində tərbiyə alan Cordano tələbələrin Aristotelin fikirlərini çox pis başa düşdüyünü anlayanda heyrətə gəldi. Necə olur ki, bu adamlar Aristotelə baş əyirlər, onun yolunda ölməyə hazırdırlar, amma onun nə dediyini anlamırlar?! Aristotelin məntiqinin sönüklüyünü iddia edən Cordano Bruno böyük bir çoxluğa qarşı çıxdığının fərqində idi. Aristotelin əsərlərindəki ziddiyyətləri, əsaslandırılmamış fikirləri üzə çıxardıqca Cordano Bruno dünyanın mənzərəsini hərtərəfli görmək xəyalı ilə yaşayırdı. O düşünürdü ki, böyük sənət ixtira sənətidir, yalnız hazır məntiqi mühakimələrdən düzgün nəticələr çıxarmağı bacarmaq deyil, bu məntiqi mühakimələrin özünü axtarıb tapmaq da lazımdır. Brunonun Aristotelə açdığı savaş dünya elmi qarşısında yeni üfüqlər açdı. Brunonun həyatı həqiqət naminə sonsuz əzablar içində keçmişdi. Bəzən o, bu təhlükəli ehtirasına lənətlər yağdırırdı. Mübarizədən bezir, yorulurdu. Onun bioqrafiyasını yazmış Alfred Ştökli qeyd edir ki, “Bruno elm tarixini dərindən tədqiq edirdi. Görürdü ki, bəzi fikirlərin yerini digər fikirlər tutur, əvvəlcə yalançı hesab edilən nəzəriyyələr zamanı gələndə yenə də qayıdır, sarsılmaz ehkamlar puç olub gedir. Bu nədir? İnsan ruhunun əzəmətinin göstəricisidirmi? Yoxsa onun əzəldən məhdud olduğunu göstərir?”

Şəkkaklıq onun ətrafında qapalı dairə yaradır... Qadağan edilmiş kitabları tapıb oxuduqca onun şəkk-şübhəsi daha da artırdı. Hüseyn Cavid necə deyirdi? “Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə etməkdə haqlıdır insan...” Şübhə insanı həqiqətə aparıb çıxaran yeganə yoldur. Cordanonu adi insanlardan ayıran da məhz skeptik düşüncələri idi.

Bunun üçün insan zəngin təxəyyülə sahib olmalıdır. “Sivilizasiya və onun çatışmazlığı” əsərində Ziqmund Freyd bir dostunun keçirdiyi, “okean hissi” adlandırdığı bir şeydən danışır. Freydin dostu fransız yazıçısı Romen Rollan idi. Yazıçı 1927-ci ildə Freydin “İllüziyanın gələcəyi” əsərini oxuyandan sonra keçirdiyi hissləri müəllifə yazıb yollamışdı. Romen Rollan “okean hissi” terminini əbədiyyətin mövcudluğunu dərk edən zaman qəlblərimizi və beynimizi dolduran heyrət hissini, okean kimi hüdudsuzluq hissini təsəvvür etmək üçün işlədir. Okean hissi heyrət və sonsuz minnətdarlığın qarışığıdır. Freyd heç zaman belə bir hissi yaşamadığını etiraf edirdi.

Heyrətlənmək insanın təxəyyülünü alovlandırır. Cordano Brunonun macərası da heyrətlənmək hissiylə başlamışdı... Sonda bu hiss onu yandırıb külə döndərdi...

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat