Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən investisiya layihələri çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2023-2024-cü illərdə Nehrəm qəsəbəsində 10 min 872 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 721 ev içməli su şəbəkəsinə qoşulub, 2076 evə su sayğacı quraşdırılıb. Bundan başqa, diametri 100 və 150 millimetr olan 26 min 745 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2515 ev bu şəbəkəyə qoşulub, həmçinin 46 ədəd siyirtmə quraşdırılıb. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2398 abonentlə müqavilə bağlanılıb.
Qeyd edək ki, yeni içməli su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması nəticəsində əhalinin içməli su təminatı daha da yaxşılaşacaq, yeni kanalizasiya xətlərinin çəkilməsi isə tullantı sularının torpağı, yeraltı və yerüstü su mənbələrini çirkləndirməsinin qarşısını alacaq. Beləliklə, görülən işlər nəticəsində əhalinin içməli su təchizatı daha etibarlı təmin olunacaq.