İllərdir qəlbimdə bir xatirə yazısı yazıram. Kağıza köçürməyə gələndə sözlər zəif, cümlələr duzsuz alınır. Sanki, haqqında söz demək istədiyim adam yazını oxuyub ötəri üzümə baxacaq və xoşuna gəlmədiyini bu ani baxışdan hiss edib utanacağam. Çünki xoşuna gəlməyən yazını pisləməz, müəllifini sındırmazdı. Baxışı ilə yazıya, hərəkətə, davranışa elə sərrast qiymət verərdi ki, anlayana bəs edərdi. Özü çox yazmağı sevməzdi. İşi çox olurdu. Tərcümələr vaxtının hamısını alırdı. Amma kimliyindən asılı olmayaraq bir müəllif yazısında kiçik bir uğur işartısı görəndə o adamı həvəsləndirməkdə əvəzi yox idi.
Azərbaycan və rus dillərinin kamil bilicisi, respublikada ictimai-siyasi tərcümə sahəsində təkrarsız mütəxəssis, teatr və incəsənət vurğunu, qayğıkeş müəllim və ailə başçısı Cəlil Əliheydər oğlu Xəlilovun anadan olmasından 100 il keçir. Sağlığında da yubiley təntənələri ilə çox ərköyünləşdirilməyən müəllimimizin bu yubileyi də sükunət içərisində keçdi. Bunun da təqsiri, əslində, bizdə, ustada layiq olduğu iltifatı vaxtında göstərə bilməyən yetirmələrindədir.
Tərcümə işi nə qədər xalqları, ölkələri, mədəniyyətləri bir-birinə yaxınlaşdıran peşə olsa da heç zaman, heç yerdə layiqincə dəyərini almamışdır. Ədəbiyyatda tərçüməçi əməyinə orijinal əsər müəllifləri ilə müqayisədə necə ögey münasibət bəsləndiyinə dair saysız misallar var. Halbuki heç bir ölkə, xalq başqa ölkələrin, tarixin, minillərin sənət incilərini tərcümə etmədən, öz mədəni sərvətlərini başqa dillərə çevirmədən intibaha, inkişafa qoşula bilməz.
Cəlil müəllimin tərcüməçilik fəaliyyəti, əsasən, sovet dövrünə təsadüf etmişdi. Tərcüməçiliyə başlamazdan əvvəlki həyatı da rəngarəng və zəngin olub.
1924-cü il mart ayının 14-də Şəkidə anadan olub. 1931–1940-cı illərdə Şəki şəhəri 2 nömrəli orta məktəbdə təhsil aldıqdan sonra 1940-cı ildə Şəki şəhər ikiillik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1942-ci ildən 1946-cı ilədək dörd il orduda xidmət edib. Tərxis olunduqdan sonra Şəkidə M. Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1950-ci ilin oktyabrında Azərbaycan Teleqraf Agentliyində (AzərTAC) tərcüməçi vəzifəsinə işə götürülüb. Elə bu zamandan tərcüməçilik onun əsas peşəsinə, qalan peşələri isə heç vaxt unutmadığı, vaxtaşırı həmkarlarını heyrətləndirəcək şəkildə nümayiş etdirdiyi hobbilərinə çevrilir.
1967-ci ilə qədər AzərTAC-da tərcüməçi-redaktor, direktor müavini kimi fəaliyyət göstərdikdən sonra 1967-ci ildə “Kommünist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasına işə götürülüb. İki il sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutuna keçirilib, orada beş il işlədikdən sonra təkrar “Kommunist” qəzeti redaksiyasına qayıdıb və 1986-cı ildə təqaüdə çıxana qədər burada tərcümə şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra da Partiya Tarixi İnstitutunda baş elmi işçi, Dövlət Statistika Komitəsində baş müfəttiş-tərcüməçi, Azərbaycan Beynəlxalq Bankında aparıcı mütəxəssis, referent kimi fəaliyyətini davam etdirib.
“Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin, SSRİ və Azərbaycan SSR Jurnalistlər ittifaqlarının fəxri fərmanları ilə təltif olunub. “Qızıl Qələm” mükafatı alıb.
Tərcümeyi-halındakı bu faktlar sadəcə quru rəqəmlər deyil, peşəkar mütəxəssisin keçdiyi həyat yolunun güzgüsü, əməyinə verilən dəyərin təzahürüdür. Mənim xəyalımda yazdığım yazının əsas sətirləri isə Cəlil müəllimin böyüklüyünü, təvazökarlığını, həmkarlarına səmimi münasibətini, qadınlara qarşı ağayana davranışını, gənclərə havadarlığını və bir neçə digər müsbət məziyyətlərini əks etdirir.
Azərbaycan Dövlət Universitetinin (hazırda BDU adlanır-red) jurnalistika fakültəsini bitirdikdən sonra tale məni Cəlil müəllimin “doğma məkanı” olan “Azərinform”a gətirdi. Rəsmən “Kommunist” qəzetində işləsə də ictimai-siyasi həyatda baş verən hadisələrin mətbuatda operativ işıqlandırılması zərurəti və əsas materialların rusca olması bir tərcüməçi kimi onu “Azərinform”a gətirirdi. Bu gün intellektual əməyi şox asanlaşdıran bilgisayar, mobil telefonlar olmadığından Moskvadan teletayp vasitəsilə gələn materialları birbaşa Azərbaycan dilində yazan makinaçıya diktə edir, redaktora verib teletayp vasitəsilə radio və televiziyaya, qəzet redaksiyalarına göndərirdik.
Mərkəzi Komitənin üzvü Yefim Qriqoryeviç Qurviçin başçılıq etdiyi “Azərinform”da 70–80-ci illərdə güclü tərcüməçilər işləyirdi. Direktor müavini İsaxan Ömərovun başçılıq etdiyi bu bölmədə İbrahim Növruzov, Cavanşir Həsənov, Azər Rzayev, Ənvər Quliyev, Akif Qəhrəmanov, Fəridə Ağayeva kimi peşəkarlar çalışırdı və onların hamısı Cəlil müəllimin danılmaz nüfuzunu hörmət və sayğı ilə qəbul edirdilər. O vaxt tərcüməçiliyin yüksək meyar ölçüsü birinci növbədə Leninin əsərlərinin, rəsmi dövlət sənədlərinin və ensiklopediya məqalələrinin tərcümələri idi.
Yazıların çox operativ olmasına baxmayaraq, heç kimə güzəşt edilmir, cüzi hərf səhvləri belə çox sərt qarşılanırdı. Cəlil müəllim hətta İsaxan müəllimi inandırmışdı ki, mətbəəyə, teletaypa göndərmədən öncə yazını bir redaktor sonuncu dəfə oxumalıdır. Bu işi də çox vaxt mənə həvalə edirdi. Hamıdan gənc olsam da Cəlil müəllimin etimadı məni ürəkləndirir, ustad tərcüməçilərin yazılarında səhv axtarmağa cürət edirdim. Aradabir səhv tapanda da əvvəlcə ona göstərirdim ki, təcrübəli tərcüməçiləri qızışdırmayım. “Yox, – deyirdi, – indi o gözəl xəttinlə səhifənin kənarına yaz (yuxarıda qeyd etdiyim kimi bilgisayarlar yox dərəcəsində idi və təcili materiallarda düzəlişi əlyazması ilə edirdik) və apar ver müəllifə”. Onun havadarlığı olmasa, o təcrübəli həmkarların mənə nə toy tutacağını təxmin edirdim.
Keçən əsrin 2-ci yarısında SSRİ Ali Sovetinin sessiyaları müntəzəm olaraq ildə iki dəfə, fövqəladə məsələlərin müzakirəsinə ehtiyac olduğunda növbədənkənar şəkildə 3 və ya 4 dəfə keçirilirdi. Bu tədbirlər haqqında xəbərlər həmin gün “İzvestiya” qəzetində SSRİ-də təmsil olunan 15 respublikanın dövlət dillərində dərc olunur və sessiyanın materialları ən qısa zamanda kitab şəklində çap edilirdi. Azərbaycan qrupunun daimi və nüfuzlu qonağı bu zamanlarda, adətən, Cəlil müəllim olurdu. O, adi üzrə Moskvaya sevimli ömür-gün yoldaşı, yarım əsrə qədər birgə ömür sürdüyü Sənubər xanımla gələrdi. Sənubər xanım da o dövrdə mexaniki çap maşınında ən sürətlə yazan makinaçı idi. Cəlil müəllimin sürətli tərcümə diktəsinə yetişən makinaçı tapmaq özü müşkül məsələ idi.
1981-ci ildə Cəlil müəllimi Moskvaya SSRİ Ali Sovetinin Rəyasət Heyətinə, katibliyin nəzdindəki nəşr şöbəsinə dəvət edirlər. Respublikada məsul işlərin çoxluğunu, təqaüd yaşının yaxınlaşmasını səbəb gətirərək bu təklifdən imtina etdi və həmin vəzifəyə “Azərinform”un təcrübəli işçisi Akif Qəhrəmanovu və gənc mütəxəssis kimi bu sətirlərin müəllifini tövsiyə etdi. Nəticədə, mən həmin şöbədə işə götürüldüm və ildə, ən azı, ildə 2 dəfə Cəlil müəllimlə birlikdə sessiya materialları üzərində işləmək şərəfi qazandım. Qrupun rəhbəri Hamid Rasizadə də Cəlil müəllimi şox sevir, ona korifey kimi münasibət bəsləyirdi. Sonralar həmin şöbədə Cəlil müəllimin oğlu Namiq Xəlilovla birgə çalışdıq.
Cəlil Xəlilov 2004-cü il dekabr ayının 7-də əbədiyyətə qovuşub.
SSRİ tarixə döndü. O tarixin səhifələrində Cəlil müəllim kimi insanların qələminin izi, alnının təri var. O tarixi birtərəfli, yalnız bədbin çalarlarla, mənfi emosiyalarla xatırlamaq doğru deyil. Çünki o bizim istəyimizdən asılı olmadan içərisində yaşadığımız tale yoludur və o yola nur salanlar məhz Cəlil müəllim kimi ziyalılarımız olub.
Cəfər Sadıq
Moskva