AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü münasibətilə “Dilin gücü, mədəniyyətin yaddaşı: Türk dünyasında ortaq dəyərlər” mövzusunda I beynəlxalq elmi simpozium keçirilib.
Məclisi giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli elmi simpoziumun Dünya Türk Dili Ailəsi Günündə keçirilməsinin təsadüfi olmadığını deyib. O, bildirib ki, UNESCO-nun Səmərqənddə keçirilmiş Baş Konfransında bu əlamətdar günün qeyd olunması ilə bağlı tarixi qərarın qəbul edilməsi türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının təsdiqidir. UNESCO-nun bu xoş məramı həm də türkdilli ölkələrin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır.
Direktor müavini Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyanın hazırda ən yüksək səviyyədə davam etdiyini söyləyərək, türk dilləri ailəsinin yalnız dilçilik kateqoriyası deyil, ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısı olduğunu qeyd edib.
Mehman Həsənli beynəlxalq tədbirin Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni ortaq layihələrin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra Türkiyənin Qafqaz Universitetinin Əbul Həsən Xorasani Tədqiqat və Tətbiq Mərkəzinin müdiri, dosent Məhəmməd Alparslan Qartal, Uludağ Ətraf Mühit Agentliyinin rəis müavini professor Məhmət Uca, Özbəkistanın Beynəlxalq Buxara Universietinin rektoru professor Şərif Baratov, Ədəbiyyat İnstitutu Ədəbiyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd və başqaları türk dillərinin inkişaf etdirilməsi, dünyada işləklıyinin yüksəldilməsi, I Türkoloji Qurultayın 100 illiyininə hazırlıq tədbirləri ilə bağlı mülahizələrini söyləyiblər.
Simpozium işini panellərlə davam etdirib. “Türk coğrafiyası ədəbiyyat və mədəniyyətdə: ortaq dəyərlər”, “Türk dil tarixi, söz varlığı və ortaq dil məsələləri”, “Türk dünyasında söz mədəniyyəti: folklor və ortaq dəyərlər”, “Klassik və modern türk ədəbiyyatı: mətnlər, şeir və kimlik”, “Tarix, milli dəyərlər və siyasət”, “Din, dəyərlər, təhsil və tarixi irs”, “Türk ədəbiyyatında qədim dəyərlər” adlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qabil YUSİFOĞLU
XQ

