QHT-lərin yaşıl aksiyası

post-img

Dünən paytaxtın Dənizkənarı Bulvarında “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı toplantı və yürüş keçirildi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Milli QHT Forumunun təşkilatçılığı, Velosiped Federasiyasının dəstəyi ilə keçirilən marafonda 150-yə yaxın QHT-dən vətəndaş cəmiyyəti fəalları iştirak etdi.

Aksiyanın əvvəlində COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirdi ki, bir neçə gündən sonra qlobal konfransa evsahibliyi edəcək Bakı dünyadan onminlərlə qonağı qəbul edəcək, Azərbaycan QHT-ləri də “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıl düşüncə əsaslı platforma ilə çıxış edir, dünyaya həmrəylik mesajı verir.

80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən COP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli qeyd etdi ki, iştirakçılar COP29 həyəcanını bir yerdə bölüşür. O, təşkil olunan velosiped yürüşünün son vaxtlar Bakıda salınan və genişləndirilən velosiped zolaqlarından istifadəyə çağırış mesajı olmaqla, sağlam həyat tərzinin təbliğinə yönəldiyini də diqqətə çatdırdı.

Azərbaycan Velosiped Federasiyasının təmsilçisi Gülnar Məlikova, “Qırmızı ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov və digər QHT təmsilçiləri bu yürüşün, eyni zamanda, COP29-a ictimai dəstək mahiyyəti daşıdığını vurğuladılar.

Velosiped yürüşü başlamazdan əvvəl “Kapital Bank” və “Qırmızı ürəklər” Fondu aksiyada iştirak edən 5 nəfər şəhid övladına velosiped hədiyyə etdi.

Yürüş iştirakçıları Dənizkənarı Milli Parkda yerləşən COP29 İnformasiya Mərkəzi ilə də tanış oldular. Burada COP29 barədə ətraflı təqdimatlar edildi. Sonda fərqlənən iştirakçılar sertifikatlarla təltif edildilər.

Rizvan FİKRƏTOĞLU
XQ



Sosial həyat