Mətbuat Şurasının ANEWZ kollektivinə təbriki

post-img

ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir. Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm. Mən onu istər media forumlarında aparıcı, istərsə də müxtəlif ingilisdilli tədbirlərdə iştirakçı kimi dəfələrlə yaxından izləmişəm, peşəkarlığına bələdəm. AzTV-dəki səmərəli fəaliyyətindən də xəbərdaram. Bildiyimə görə, yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırmağa müvəffəq olub. Bəri başdan bu münasibətlə həmkarımızı təbrik edirəm.

Müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini görmüşdüm və bu tipli media subyektlərinin bizdə də olmasını çox arzulamışdım. Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq.

Hamımıza məlumdur ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır. İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb. Dövlətimizin başçısı çıxışlarında, həmçinin, jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib. Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək.

Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar.

Rəşad MƏCID,
Mətbuat Şurasının sədri

Sosial həyat