Sağlamlıq turizminin imkanları və hədəfləri

post-img

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də qoşulduğu müzakirələr sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılmasına və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü deyib.

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması barədə məlumat verib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Prezidentin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının ölkə başçısının turizmə, sağlamlıq turizminə olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib.

Konfrans işini “Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar”, “Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” mövzularında panel sessiyalarla davam etdirib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat