Müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 28-də Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutmasından dörd il ötür.
AZƏRTAC xəbər verir ki, düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 nəfər qəsdən öldürülüb, 83 nəfər xəsarət alıb.
Bərdə şəhərinin 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin Tərtər rayonunun ərazisini BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub. Həmin tarixdə Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edib. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyin, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.