Oktyabrın 27-də Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (vilayət, şəhər, rayon) keçirilən seçkilərdə seçicilərin 14,2 milyon nəfəri iştirak edib ki, bu da 75,52 faiz deməkdir. Özbəkistan qanunlarına görə seçkilər baş tutmuş hesab edillir.
Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Baxrom Kuçkarov Daşkənddə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab olunur.
Baxrom Kuçkarov deyib ki, 150 deputat mandatı uğrunda mübarizəyə 875 namizəd qatılıb. Özbəkistanın yeni qanunlarına görə ilk dəfə deputatların 75-i mojoritar, 75-i isə proporsional sistemlə seçilir.
Seçkilərdə ölkədə fəaliyyət göstərən beş siyasi partiya-Sahibkarlar və İşgüzar adamlar-Özbəkistan Liberal-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, Xalq Demokrat Partiyası və Ekoloji Partiya iştirak edib və ən çox səs toplayan partiya baş nazirin namizədliyini irəli sürəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkəndin Mirzə-Uluqbek rayonundakı 59 nömrəli seçki məntəqəsində səs verib.
Seçkiləri dünyanın 50 ölkəsindən gələn 1000-dən artıq müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları da müşahidəçilər arasında olub. Müstəqil Dövlətlər Birliyinin xətti ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin rəhbərliyi ilə nümayəndələr, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Cavanşir Paşazadə, Arzuxan Əlizadə, Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə seçkiləri izləyiblər. Azərbaycandan gələnlər seçkiləri Daşkənddə və vilayətlərdə müşahidə ediblər.
Seçkilərin nəticələri oktyabrın 28-də elan ediləcək.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd